Daşkəsəndə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş növbəti tarix dərsi keçirilib
Sentyabrın 26-da Daşkəsən Rayon İcra Hakimiyyətinin və rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində təsdiq olunmuş Tədbirlər Planına əsasən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə tarix dərsi keçirilib. Mərkəzin binasında keçirilən dərsdə rayonun ümumtəhsil məktəblərinin bir qrup şagirdi və müəllimlər iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daşkəsən RİH-nin məsul işçisi Elmar Əliyev giriş nitqində tarixi xronologiya əsasında Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətinin dövrləri haqqında məlumat verib. Vurğulayıb ki, müasir Azərbaycanımızın tarixi xalqımızın dahi rəhbəri Heydər Əliyevin adı ilə bağlıdır. E.Əliyev həmçinin Ulu Öndər Heydər Əliyevin ideyalarını uğurla həyata keçirən, müqəddəs Ata vəsiyyətini şərəflə yerinə yetirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ölkəmizin inkişafı və tərəqqisi naminə apardığı misilsiz fəaliyyətindən, tarixi qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsindən və Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin uğurlu nəticəsindən söz açıb.
Sonra rayon Heydər Əliyev Mərkəzinin direktoru Nailə Məmmədova "Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır" mövzusunda məruzə ilə çıxış edib. N.Məmmədova məruzəsində Ulu Öndərin şərəfli həyatından, gərgin çoxşaxəli fəaliyyətindən, müasir Azərbaycanımızın quruculuğu yolunda həyata keçirdiyi dərin düşünülmüş uğurlu siyasətindən bəhs edib.
Dərsin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb, videoçarx nümayiş etdirilib və şagirdlər Heydər Əliyev Mərkəzində Ümummilli Liderin ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə yaxından tanış olublar.