DAŞKƏSƏNDƏ SU EHTİYATLARINDAN SƏMƏRƏLİ İSTİFADƏYƏ DAİR NÖVBƏTİ MÜZAKİRƏ KEÇİRİLİB
İyulun 10-da Daşkəsən Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilmiş növbəti işgüzar müzakirədə Daşkəsən RİH-nin əməkdaşları, rayon Sukanal sahəsinin, şəhər Yaşıllaşdırma idarəsinin və KMK-nın rəhbərliyi və işçiləri, icra nümayəndələri, bələdiyyə sədrləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mövzuya dair ətraflı məruzə ilə çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi Bəhman Verdiyev bildirib ki, “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-ci il tarixli 2178 nömrəli Sərəncamı olmuşdur. Həmin Sərəncamın Tədbirlər Planının 7.1-ci bəndində məlumatlandırma və maarifləndirmə ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Kənd Təsərrüfatı Nazirliyinə, Fövqəladə Hallar Nazirliyinə, “Azmelsutəsərrüfat” ASC-nə, “Azərsu” ASC-nə, “Azərenerji” ASC-nə və yerli icra hakimiyyəti orqanlarına su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi sahəsində görülən işlər barədə ictimaiyyətin məlumatlandırılması tapşırılmışdır. Yerlərdə vətəndaşlarla izahat və maarifləndirmə işlərinin mütəmadi aparılmasının vacibliyini qeyd edən Bəhman Verdiyev diqqətə çatdırıb ki, rayonun su ehtiyatlarından səmərəli istifadə edilməli, itkilərə yol verilməməlidir. Ekoloji tarazlığın qorunmasında hər bir ölkə vətəndaşının üzərinə böyük məsuliyyət və cavabdehlik düşür. İnsanlar əsrlər böyü bizə gəlib çatmış bu neməti dəyərləndirməli və gələcək nəsillər üçün qoruyub saxlamalıdılar. Bu gün təbii nemətlərin qorunması və balanslaşdırılmış istifadəsi üçün güclü ictimai nəzarətə ehtiyac duyulur. Ərazimizdə su ehtiyatının məhdud şəraitində bu ehtiyatlardan səmərəli istifadə, əldə olunan suyun bərabər bölgüsü, su mənbələrinin çirklənmədən etibarlı mühafizəsi rayonun hər bir sakini üçün ciddi əhəmiyyət kəsb etməlidir.
Digər çıxış edənlər də Daşkəsən rayonunda su mənbələri ilə bağlı mövcud problemlərin qarşısını almaq üçün əhali arasında maarifləndirici işin təşkili, içməli suya diqqətlə yanaşılması sahəsində bilik və praktik bacarıqların artırılması istiqamətində bundan sonra da təsirli tədbirlərin davam etdirməyin vacibliyini qeyd ediblər.
Sonra mövzu ətrafında müzakirələr aparılıb, videoçarx nümayiş etdirilib və suallar cavablandırılıb.
Elmar Əliyev - Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini