DAŞKƏSƏNDƏ “ŞAHİN” HƏRBİ-İDMAN OYUNU ÜZRƏ RAYON BİRİNCİLİYİ KEÇİRİLƏRƏK QALİB KOMANDA MÜƏYYƏNLƏŞİB
Aprelin 17-də Daşkəsən Rayon İcra Hakimiyyətinin və rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə birgə “N” hərbi hissədə orta ümumtəhsil məktəbləri arasında “Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliyi keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi yad edilib.
Açılış mərasimində çıxış edən rayon Gənclər və İdman İdarəsinin rəisi Samir Həsənov iştirakçılara uğurlar arzulayıb, “Şahin” hərbi-idman oyununun böyüməkdə olan gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsində, şagirdləri hərbi-idman oyunlarına geniş cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasında əhəmiyyətindən danışıb. Həmçinin vurğulayıb ki, rayon ərazisində hərbi-idman oyunlarının keyfiyyət və kütləviliyini artırmaq, keçirilməsi üçün şərait yaratmaq həmişə diqqət mərkəzində saxlanılır.
Digər çıxış edənlər də oyunlarda məktəblilərə uğurlar arzulayaraq diqqətə çatdırıblar ki, gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi dövlətin daim diqqət mərkəzindədir. Ölkəmizdə bu sahədə aparılan işlərin səmərəsini artırmaq istiqamətində silsilə tədbirlər həyata keçirilir. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin apardığı məqsədyönlü uğurlu siyasət nəticəsində qalib Ordumuzun vətənpərvər əsgər və zabitləri 44 günlük Vətən müharibəsində düşməni darmadağın edərək torpaqlarımızın ərazi bütövlüyünü bərpa etdilər, şəhidlərimizin qisası döyüş meydanlarında alındı.
Sonra yarışın əsasnaməsinə uyğun olaraq komandaların yarışı başlanıb.
Rayon birinciliyində 4 tam orta məktəbin komandası qüvvəsini sınayıb. Yarışın yekun nəticələrinə görə, Bayan kənd M.Mustafayev adına tam orta məktəbin “şahin”ləri birinci, Daşkəsən şəhər A.Mürsəlov adına 2 nömrəli və Yuxarı Daşkəsən qəsəbə Z.Bağırov adına tam orta məktəblərin “şahin”ləri isə ikinci və üçüncü yerlərə layiq görülüblər.
Rayon mərhələsinin qalibi olmuş Bayan kənd M.Mustafayev adına tam orta məktəbin “şahin”ləri Goranboy rayonunda keçiriləcək zona birinciliyində rayonumuzu təmsil etmək hüququ qazanıblar.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini