DAŞKƏSƏNDƏ “SAĞLAM VƏ RASİONAL QİDALANMA” MÖVZUSUNDA YUXARI DAŞKƏSƏN QƏSƏBƏSİNİN SAKİNLƏRİ İLƏ MAARİFLƏNDİRİCİ GÖRÜŞ KEÇİRİLİB
İyulun 13-də Yuxarı Daşkəsən qəsəbəsində keçirilən görüşdə Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, tibb işçiləri və sakinlər iştirak ediblər.
Maarifləndirməni Daşkəsən RİHBA-nın Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin böyük məsləhətçiləri Elmin Paşayev və Ayaz Allahyarov aparıblar.
Qeyd edilib ki, sağlam qidalanma qidalanmanın rasional (latınca “rationalis” -ağlabatan, məntiqli deməkdir), çoxçeşidli olmasına, qida maddələrinə və enerjiyə tələbatın ödənməsinə əsaslanır. Xəstəliklərin çox böyük əksəriyyəti düzgün qidalanmamaq nəticəsində orqanizmdə maddələr mübadiləsinin pozulması ilə əlaqədar olur. Əhalinin xeyli bir qismi qidalanma qaydalarından xəbərsizdir. Təcrübə göstərir ki, qidalanma zamanı heç bir prinsipi gözləməmək ən çox yol verilən səhvlərdən biridir. Həyat və fəaliyyətin hər sahəsində müəyyən rejim mövcuddur. Rejim insanın həyatının müəyyən olunmuş gündəliyidir. Sağlam həyat tərzinin əsas tərkib hissələrindən biri də rasional qidalanmadır. Gün ərzində 4 dəfədən az olmayaraq qida qəbul etmək tövsiyə olunur. Qidanın həzm olunması üçün təxminən 3 saat vaxt tələb olunur, ona görə də 3-4 saatdan bir qida qəbul etmək tövsiyə edilir. Çalışmaq lazımdır ki, qida hər gün eyni vaxtda qəbul olunsun. Qeyri-düzgün qidalanma insanın iş qabiliyyətini və orqanizminin müdafiə gücünü azaldır. Həddindən artıq qidalanma insanda ateroskleroz, piylənmə, podaqra, şəkərli diabet, poliosteoartoz, ürək və qan-damar sistemi xəstəliklərinin əmələ gəlməsinə təkan verir. Az qidalanma və aclıq qida çatışmazlığından qaynaqlanan xəstəliklərin yaranmasına səbəb olur. Davamlı şəkildə qidalanmamaq isə zülal çatışmazlığına gətirib çıxarır. Nəticədə fiziki və zehni inkişafda ləngimə, eləcə də mədəaltı vəz və qaraciyərdə dəyişikliklər müşahidə edilir. Bu kimi hallar nəzərə alınaraq, rasional qidalanma qaydalarına əməl edilməsi vacib sayılır. Rasional qidalanma dedikdə, insanın normal həyat fəaliyyətini, yüksək iş qabiliyyətini, ətraf mühitin mənfi amillərinə qarşı müqavimətini tənzimləyən qidalanma nəzərdə tutulur. Rasional qidalanma təkcə metabolik deyil, bir çox digər xəstəliklərin qarşısının alınması üçün də ən vacib şərtdir. Bu qidalanma fizioloji ehtiyaclarla əlaqədar olaraq, orqanizmi zəruri qida maddələri və enerji ilə təmin edir. Normal böyümə və inkişaf üçün orqanizmin ehtiyac duyduğu zülal, yağ, karbohidrat, vitamin və minerallara olan ehtiyacını ödəyir.
Görüşdə mövzu ilə bağlı digər məlumatlar da diqqətə çatdırılıb, sakinləri maraqlandıran suallar cavablandırılıb, maarifləndirici bukletlər paylanılıb.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini