DAŞKƏSƏNDƏ QEYRİ-FORMAL MƏŞĞULLUĞUN QARŞISININ ALINMASINA DAİR NÖVBƏTİ MAARİFLƏNDİRMƏ APARILIB
Martın 14-də Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçilərinin, Gəncə-Daşkəsən regional Məşğulluq filialının Daşkəsən xidmət şöbəsinin, DSMF publik hüquqi şəxsin Gəncə-Daşkəsən regional filialının Daşkəsən rayon qəbul şöbəsinin və Daşkəsən KOB dostunun iştirakı ilə Kəmərqaya kəndində sakinlərlə maarifləndirici görüş keçirilib.
Görüş zamanı rayon ərazisində qeyri-formal məşğulluğun səviyyəsinin azaldılması ilə bağlı əhalinin təşviq olunması üçün söhbətlər aparılıb.
Bununla bağlı Dövlət Məşğulluq Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən yerli ərazi məşğulluq planına uyğun olaraq nəzərdə tutulan tədbirlər, işsizliyin aradan qaldırılması üçün dövlət proqramları və müxtəlif layihələr sakinlərin diqqətinə çatdırılıb.
DSMF publik hüquqi şəxsin Gəncə-Daşkəsən regional filialının Daşkəsən rayon qəbul şöbəsinin əməkdaşları isə sakinlərə formal məşğulluğa cəlb ediləcəkləri təqdirdə gələcəkdə dövlət tərəfindən onların pensiya və digər müavinətlərlə bağlı təminatlarının yaranacağı barədə danışıblar.
Daşkəsən RİHBA-nın məsul əməkdaşı Aidə Nağıyeva vurğulayıb ki, işçi işəgötürənlə əmək müqaviləsi bağlamadan, qeyri-formal şəkildə bu və ya digər fəaliyyəti yerinə yetirməklə özünü əmək və sosial təminat hüquqlarından məhrum etmiş olur. Qeyri-formal məşğulluq işəgötürənlərin də iqtisadi mənafelərinə, müəssisədə əmək məhsuldarlığına, keyfiyyətli istehsal və xidmət prosesinə ciddi zərər vurur. Ona görə də, qeyri-formal məşğulluq hallarının aradan qaldırılmasında, qeyri-formal məşğulluğun leqallaşdırılmasında işçilər və işəgötürənlər eyni dərəcədə fəal olmalıdırlar.
Daşkəsən KOB dostu Muraz Məmmədov sakinlərə həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyin fəaliyyəti, KOB-lara dəstək məqsədilə həyata keçirilən tədbirlər, o cümlədən “KOB Dostu” mexanizmi barədə məlumat verib. Sahibkarları KOBİA-nın xidmətlərindən yararlanmağa çağırıb.
Görüşdə müxtəlif suallar cavablandırılıb, məlumatlandırıcı materiallar paylanıb.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini