Daşkəsəndə qəhvəyi mərmər bağacığı ilə əlaqədar maarifləndirmə tədbiri keçirilib
Noyabrın 7-də Daşkəsən Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin və Daşkəsən DAİM-in birgə təşkilatçılığı ilə qəhvəyi mərmər bağacığının (Halyomorpha halys) yayılmasının qarşısını almaq məqsədilə Daşkəsən rayon Heydər Əliyev Mərkəzində aidiyyəti qurumların əməkdaşları və fermerlərlə görüş keçirilib.
Tədbir iştirakçılarını Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun adından salamlayan RİH-nin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin böyük məsləhətçisi Elmin Paşayev bildirib ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi haqqında” 30 dekabr 2022-ci il tarixli 819s nömrəli Sərəncamı ilə Tədbirlər Planı təsdiq edilmişdir. Nəzərdə tutulan tədbirlərin koordinasiyalı icrasını təmin etmək üçün Qida Təhlükəsizliyi Agentliyinin rəhbərliyi ilə Aqrar Xidmətlər Agentliyi, Meşələrin İnkişafı Xidməti, Dövlət Gömrük Komitəsinin, “Azərbaycan Dəmir Yolları” QSC-nin və yerli icra hakimiyyəti orqanlarının nümayəndələrindən ibarət Regional Əlaqələndirmə Mərkəzi yaradılmışdır. Tədbirlər Planının 2-ci bəndinə əsasən qəhvəyi mərmər bağacığının bioloji xüsusiyyətləri, qidalandığı bitkilər, vurduğu zərər, onunla mübarizə üsullarına dair maarifləndirmə tədbirləri Daşkəsən rayonunda da mütəmadi olaraq həyata keçirilir.
Qida Təhlükəsizliyi Agentliyinin Gəncə-Daşkəsən Regional Bölməsinin məsul əməkdaşı Arif Cəfərzadə çıxışında diqqətə çatdırıb ki, qəhvəyi mərmər bağacığı təhlükəli zərərverici olub, 300-dən çox bitki ilə qidalanır və onlardan 113-ü Azərbaycan florasında mövcuddur. Zərərverici yaz-yay mövsümündə uçmaqla, payız-qış mövsümündə isə sığınacaq yerləri olan qablaşdırma və nəqliyyat vasitələri ilə ərazilərə yayılır. Bağacığın yetkin fərdləri daha çox insanların yaşadığı binalarda və digər tikili sığınacaqlarda qışlamağa üstünlük verir. Bir evdə bir neçə min bağacıq yığıla bilər. İnsanlar üçün heç bir zərərliliyi yoxdur. Yazda bağacıqlar aprel ayının axırına yaxın qışlama yerini tərk edərək 1-2 həftə müddətində qidalandıqdan sonra dişi fərdlər bir neçə dəfə yumurta qoyma yerinə yetirirlər. Yumurtalarını (1,3-1,6 mm ölçüdə) yarpaqların aşağı hissəsinə ağ şaraoxşar topa şəklində (25–30 ədəd) qoyurlar. Mərmər bağacığına qarşı kimyəvi mübarizədə təsiredici maddələrdən sintetik piretroitlərə aid edilən Alpha cypermethrin, Lambda-cyhalothrin, Bifenthrin və Neonikotinoidlərə aid İmidacloprid, Thiacloprid, Thiamethoxam insektisidlərindən istifadə olunur. Evlərdə, tikililərdə müşahidə edilən qəhvəyi mərmər bağacıqları mexaniki yolla (əllə və digər vasitələrlə) yığılaraq məhv edilir. Regional Əlaqələndirmə Mərkəzi vətəndaşlara Qərb rayonları üzrə yaşayış yerlərində, əkin sahələrində və digər ərazilərdə zərərvericiyə rast gəldikdə +994997088588 “Qaynar xətt” nömrəsinə zəng vurmağı tövsiyə edir.
Sonra iştirakçıları maraqlandıran müxtəlif suallar cavablandırıb və məlumatlandırıcı bukletlər paylanıb.