DAŞKƏSƏNDƏ “PLASTİK TULLANTILARIN ƏTRAF MÜHİTƏ MƏNFİ TƏSİRİ VƏ ALTERNATİV QABLAŞDIRMA MATERİALLARINDAN İSTİFADƏNİN ƏHƏMİYYƏTİ” MÖVZUSUNDA SEMİNAR TƏŞKİL OLUNUB
Martın 13-də Daşkəsən Rayon İcra Hakimiyyəti rayon üzrə təhsil sektoru ilə birgə rayonun ümumtəhsil məktəblərinin şagirdləri və bir qrup “Həyat bilgisi” fənnini tədris edən müəllimlər üçün “Plastik tullantıların ətraf mühitə mənfi təsiri və alternativ qablaşdırma materiallarından istifadənin əhəmiyyəti” mövzusunda seminar keçirib.
Seminarı aparan RİHBA-nın məsul işçisi Orxan Abbasov məruzəsində qeyd edib ki, plastik tullantılar ekoloji tarazlığın qənimidir. Bu sahədə vəziyyəti mürəkkəbləşdirən amillərdən biri də plastik və polietilen məhsulların parçalanaraq yox olması üçün torpaqda 800, dənizdə isə 400 il vaxt lazım gəlir. Həmçinin yarım əsrdən sonra plastik məhlul torpağa qarışaraq onu çirkləndirməyə davam edir. Plastik qablar hər il 120 milyon ton əlavə tullantının yaranmasına səbəb olur. Dünyada plastik tullantıların yalnız 20 faizi təkrar emal olunur. Plastik tullantılar vəhşi heyvan və quşların, balıqların ölümünə səbəb olur. Alimlər qida məhsullarının plastik qablarda saxlanılması və qızdırılmasını da tövsiyə etmirlər. İstifadə müddəti orta hesabla 20 dəqiqə olan polietilen paketlər ümumi tullantıların təxmini 10 faizini təşkil edir. Statistikaya görə, bir ailə il ərzində təqribən 500 polietilen paket istifadə edir. Polietilenin üzərindəki bakteriyaların çoxluğu səbəbindən paketlərdəki ərzaqlar daha tez xarab olur. Kip bağlanmış şəffaf paketdə kondensat əmələ gəlir və müxtəlif göbələklər inkişaf edir. Polietilen məhsullar dondurulduqda ondan insan üçün zərərli toksinlər ayrılır. Hər il dünyada 4 trilyon paket istifadə olunur, hər 1 dəqiqədə 1 milyon polietilen torba zibil qutusuna atılır. Amma insanlar hələ də polietilen torbaların israfına yol verirlər. Bu, cəmiyyətdə plastik tullantıların zərərləri ilə bağlı həssaslığın hələ də az olmasından irəli gəlir.
Orxan Abbasov plastik tullantıların idarə olunması ilə bağlı dövlətin davamlı formada apardığı məqsədyönlü tədbirlərə toxunub. Bildirib ki, Prezident cənab İlham Əliyev tərəfindən "Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair Tədbirlər Planı"nı təsdiq edilərək uğurla həyata keçirilir. 2021-ci il yanvarın 1-dən qalınlığı 15 mikrona qədər olan plastik torbaların idxalı, istehsalı, satışı və müştərilərə verilməsi qadağan edilmişdir. 2021-ci il iyulun 1-dən ölkədə birdəfəlik plastik qab-qacaqların idxalına və istehsalına qadağa qüvvəyə minmişdir. 2023-cü ilin fevralın 15-dən Azərbaycan mağazalarında müştərilərə verilən polietilen torbalar ödənişli olmuşdur. Bu barədə Antiinhisar Nəzarəti və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qərar vermişdir. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin yaydığı məlumatda deyilir ki, ticarət, ictimai iaşə, məişət və digər növ xidmət qaydalarına əsasən, alıcıların mal və məhsulları daşıması üçün nəzərdə tutulan polietilen torbalar ayrıca məhsul növü kimi təqdim edilməlidir. Bu növ məhsulların ayrıca təqdim edildiyi və satış qiyməti barədə istehlakçıya (alıcıya) əvvəlcədən məlumat verilməlidir. Bunu etməyən ticarət obyektlərini 6 min manata qədər cərimə gözləyir.
Alternativ qablaşdırma materiallarından istifadənin əhəmiyyəti qeyd edən Orxan Abbasov diqqətə çatdırıb ki, birdəfəlik plastiklərin azaldılması üçün ekoloji cəhətdən təmiz materiallara üstünlük verilməlidir. Bunlara kağız, şüşə, metal, bambuk və ağac məhsulları daxildir.
Digər çıxış edənlər də vurğulayıblar ki, hər kəs ana təbiətin qorunmasında pay sahibi olmalıdır. Bunun üçün ekoloji tərbiyə əhəmiyyətlidir. Azyaşlılara əllərindəki plastik qabları ayrılmış xüsusi konteynerlərə atılmasını başa salmaq ətraf mühitin mühafizəsinə dair atılmış kiçik, amma gələcəkdə nəticəsi böyük bir addımdır. Bundan başqa, hər birimiz plastik qabların alternativlərindən – şüşə qablardan, polietilen torbaların əvəzləyicisi olan parça və ya kağız torbalardan istifadəyə üstünlük verməliyik.
Müzakirə şəraitində keçən seminarın sonunda müəllimləri və şagirdləri maraqlandıran suallar cavablandırılıb, məlumatlandırıcı bukletlər paylanıb.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini