Daşkəsəndə peşə və sahə assosiasiyalarının yaradılmasının dəstəklənməsi ilə bağlı yığıncaq keçirilib
Avqustun 22-də Daşkəsən Rayon İcra Hakimiyyətinin inzibati binasında Peşə və sahə assosiasiyaları yaradılmasının dəstəklənməsi ilə bağlı iclas keçirilib. Tədbir Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2020-ci il tarixli, 1816 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”nın 4.5-ci bəndinin icrasının təmin edilməsi məqsədi daşıyıb.
Yığıncaqda Daşkəsən RİH-nin məsul işçiləri, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının rayon bölməsinin, Dövlət Məşğulluq Agentliyinin rayon xidmət şöbəsinin, dövlət idarələri və ictimai xidmət təşkilatlarının, təhsil, səhiyyə və mədəniyyət işçiləri həmkarlar ittifaqlarının rayon komitələrinin nümayəndələri, Daşkəsən KOB dostu, rayon bələdiyyə şurasının sədri və müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.
Yığıncaq Daşkəsən RİHB-nin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi Bəhmən Verdiyevin sədrliyi ilə keçirilib.
B.Verdiyev çıxışında bildirib ki, peşə və sahə assosiasiyaların yaradılması sosial dialoqun inkişaf etdirilməsi və qeyri-formal əmək münasibətlərinin qarşısının alınması, sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi, məşğulluğun artırılması, məlumatlılıq səviyyəsinin yüksəldilməsi, sahibkarların maraqlarının müdafiəsi baxımından çox əhəmiyyətlidir.
Daşkəsən rayonu üzrə 2023-cü ilin 6 ayı ərzində 530 min manat yerli özəl investisiya qoyuluşu olmuşdur ki, bunun sayəsində 25 yeni iş yeri yaradılmışdır. Rayona investisiya cəlb olunması məqsədilə ərazidə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, sənaye, energetika, tikinti, ticarət, nəqliyyat, telekommunikasiya və poçt, maliyyə və bank, turizm və digər xidmət sahələri üzrə mövcud vəziyyət, məlumatlar kütləvi informasiya vasitələri ilə hərtərəfli təşviq olunmuşdur.
Digər çıxış edənlər də, rayonda peşə və sahə assosiasiyaları yaradılmasının dəstəklənməsinin vacibliyini qeyd edib, müxtəlif mülahizələr irəli sürüblər.
Yığıncaqda diqqətə çatdırılıb ki, sahibkarlara öz fəaliyyət göstərdikləri istiqamətlərdə tələb olunan ixtisaslı işçilərin hazırlanmasında Dövlət Məşğulluq Agentliyi və rayonda fəaliyyət göstərən Peşə məktəbi vasitəsilə də müvafiq köməkliklər olunur.
Rayon ərazisində müxtəlif sahələr üzrə fəailiyyət göstərən sahibkarlar tərəfindən assosiasiyaların yaradılması üçün müraciət olarsa Daşkəsən Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən qanunamüvafiq dəstək göstəriləcəkdir.