Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ NOVRUZ BAYRAMI BÖYÜK TƏNTƏNƏ İLƏ QEYD OLUNUB

17 mart 2023 | 14:30

Mart 17-də Daşkəsən şəhər Heydər Əliyev meydanında Novruz bayramı münasibəti ilə  ümumrayon şənliyi keçirilib. Bayram şənliyində minlərlə rayon sakini iştirak edib.

Əvvəlcə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbçilər və ictimaiyyət nümayəndələri Daşkəsən Şəhidlər Xiyabanını ziyarət edərək şəhidlərin məzarlarına tər güllər düzüblər.

Bayram tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev təbrik nitqi söyləyib. O çıxışında deyib:

- Bu gün biz Daşkəsən şəhərinin mərkəzində Ulu Öndər Heydər Əliyevin möhtəşəm abidəsinin önündə yerləşən bu meydanda Novruz bayramı münasibətilə təşkil edilən ümumrayon şənliyinə toplaşmışıq. 

Sizi xalqımızın ən sevimli və müqəddəs bayramı olan Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında doğma müstəqil Azərbaycanımızda hər birinizə möhkəm cansağlığı, xoşbəxtlik arzulayıram.

Bu il anadan olmasının yüzillik yubileyini sevgiylə, dərin ehtiramla qeyd etdiyimiz müstəqil Azərbaycanın banisi, görkəmli dövlət xadimi, dahi siyasətçi Ümummilli Liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Novruz dövlət bayramı səviyyəsində ölkəmizin bütün bölgələrində ruh yüksəkliyi ilə qeyd olunur. Ulu Öndərin siyasi kursunun varisi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu siyasət nəticəsində müstəqil Azərbaycan Respublikasında vətəndaş birliyi, sabitlik, iqtisadi inkişaf təmin olunmuş, hazırda ölkəmiz dünya dövlətləri arasında öz layiqli yerini tutmuşdur.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin 2020-ci ildə 44 günlük Vətən müharibəsində göstərdikləri qəhrəmanlıq və fədakarlıq sayəsində 30 ilə yaxın müddətdə erməni işğalı altında qalan tarixi torpaqlarımız azad edilərək ərazi bütövlüyümüz bərpa olundu. Azərbaycan Ordusu bu möhtəşəm tarixi Zəfərlə eyni zamanda şəhidlərimizin qisasını döyüş meydanlarında aldı. 

Azərbaycanın suverenliyi, ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsini Novruz günlərində dərin hörmət və ehtiram hissi ilə anırıq. Onların valideynlərini, ailələrini, habelə qazi və veteranlarımızı da Novruz bayramı münasibətilə təbrik edir, ən xoş arzularımı çatdırıram.

Respublikamızın hər yerində olduğu kimi Daşkəsənimizdə də Novruz bayramı hər il ümumxalq şənliyi ilə keçirilir.

Hörmətli Prezidentimiz cənab İlham Əliyevin ali diqqət və qayğısı sayəsində Azərbaycanın təbii sərvətlərlə zəngin sənaye rayonu olan Daşkəsənin bu illər ərzində sosial, iqtisadi, mədəni siması müasirləşərək dəyişmişdir. Rayonun hərtərəfli inkişafının proqramı - “Yeni Daşkəsən” layihəsi əsasında rayonumuzda yeni inzibati, sosial binalar tikilmiş, ən ucqar yaşayış məntəqələrinə su, qaz, elektrik xəttləri çəkilmiş, yeni yollar və körpülər salınmışdır. Xüsusilə qeyd etmək istəyirəm ki, Daşkəsən rayonunun zəngin təbii sərvətlərindən səmərəli istifadə etmək məqsədilə “Daşkəsən Dəmir Filiz” MMC-nin və “Alunit” İstehsalat sahəsinin tezliklə yenidən işə salınması əsas vəzifə kimi qarşıya qoyulub yüksək səviyyədə həyata keçirilir. Bununla da Daşkəsən rayonunun problemli məsələləri tam öz həllini tapacaqdır. Rayonumuzda görülən bütün bu uğurlu işlərə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarıq.

Bu xoş əhval-ruhiyyəli Bahar bayramı günlərində möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya bütün Daşkəsən rayon sakinləri adından yüksək ehtiramımızı, inamımızı, hər zaman göstərdikləri diqqət və qayğıya görə minnətdarlığımızı bildirir, Novruz bayramlarını təbrik edirik.

Eşq olsun möhtərəm Prezidentimiz cənab İlham Əliyevə!

Sizləri bir daha da bu gözəl Novruz bayramı münasibətilə təbrik edir, ölkəmizə bol ruzi, bərəkət, davamlı sülh, əmin-amanlıq, firavan həyat, xoş günlər arzu edirəm.

Allah Prezidentimizi qorusun, Prezidentimiz də müstəqil dövlətimizi, xalqımızı qorusun.

İcra başçısı Əhəd Abıyevin təbrik nitqindən sonra ululuq və ağsaqqallıq rəmzi Dədə Qorqud, Novruz bayramının əsas personajları olan Bahar qızı, Kosa və Keçəl öz maraqlı çıxışları ilə şənliyə xüsusi zövq qatıblar. Yüksək təmtəraqla keçirilən ümumrayon şənliyi el aşıqlarının, musiqiçilərin ifaları, idmançıların müxtəlif idman nömrələri  və rəngarəng əyləncəli proqramlar ilə davam edib.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev şəhid valideynlərinin və qazilərin müşayiəti ilə bayram tonqalını alovlandırıb, nümayiş etdirilən el sənəti və milli mətbəximizin nümunələrinə baxış keçirib.

 

Elmar Əliyev

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər