Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ KOOPERATİV TƏSƏRRÜFATÇILIĞIN ÜSTÜNLÜKLƏRİ BARƏDƏ TƏBLİĞAT VƏ MAARİFLƏNDİRMƏ İŞLƏRİ APARILIB

02 may 2023 | 10:02

Mayın 2-də Daşkəsən KOB Dostu, Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzi və Gəncə-Daşkəsən Regional Məşğulluq İdarəsinin rayon xidmət şöbəsi Qazaxyolçular kəndində sahibkarlarla görüş keçiriblər.

KOBİA-nın sahibkarlara göstərdiyi xidmətlərdən, onların müraciətlərinə bəslənən həssas münasibətdən ətraflı söz açan Daşkəsən KOB dostu Muraz Məmmədov Agentliyin kənd təsərrüfatı kooperasiyası üzrə pilot layihələri dəstəkləməkdə, kənd təsərrüfatı kooperativlərinin sərgi-satış yarmarkalarının təşkilində, kooperativ bazarların yaradılmasında və digər bazarlarda kooperativlərin istehsal etdiyi məhsulların satışına dəstək verilməsində maraqlı olduğunu bildirib. Habelə iri fermer təsərrüfatlarında tətbiq olunan mütərəqqi texnologiyaların və aqrotexniki qaydaların digər kənd təsərrüfatı məhsulları istehsalçıları arasında təbliği və istifadəsinin təşviqi, ölkədə ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı və kənd təsərrüfatı məhsulları istehsalçılarının xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi ilə bağlı sahibkarlar arasında maarifləndirici tədbirlərin səmərəli nəticəsindən danışıb.

Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Rahil Həsənov çıxışında Prezident cənab İlham Əliyevin 14 iyul 2017-ci il tarixli 3099 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış Tədbirlər Planında əksini tapan məsələlərə aydınlıq gətirib, xüsusilə Tədbirlər Planının 11.8-ci bəndində əksini tapan “Kənd təsərrüfatı kooperasiyası üzrə pilot layihələrin dəstəklənməsi” layihəsindən bəhs edib. Diqqətə çatdırıb ki,  ölkə başçısı tərəfindən təsdiq edilən Dövlət Proqramının məqsədi kənd təsərrüfatı məhsulları istehsalçılarının birgə təsərrüfatçılıq fəaliyyətini təşviq etmək, könüllülük əsasında kənd təsərrüfatı kooperativlərinin təşkilinə əlverişli şərait yaratmaq, kooperativlərin dayanıqlı fəaliyyətini təmin etmək, həmçinin aqrar sahədə kooperasiyanın formalaşmasına və inkişafına dəstək verməkdir. Bu məqsədə nail olmaq üçün Dövlət Proqramı çərçivəsində bir sıra vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur. Belə ki, burada kooperativlərin dövlət tərəfindən dəstəklənməsi, aqrar sektorun rəqabət qabiliyyətinin yüksəldilməsi, kənd təsərrüfatı kooperasiyası sisteminin inkişaf etdirilməsi, kooperativlərin güzəştli şərtlərlə kreditləşdirilməsinin təmin edilməsi və s. vəzifələr öz əksini tapmışdır. Proqramda eyni zamanda kənd təsərrüfatı kooperasiyasının inkişafının əsas istiqamətləri müəyyən edilmişdir. Azərbaycanda kənd təsərrüfatı kooperasiyasının inkişafı sahəsində qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün bir sıra istiqamətlər üzrə müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bunların sırasında kənd təsərrüfatı kooperativlərinin və onların ittifaqlarının yaradılmasının və inkişafının dəstəklənməsi, kənd təsərrüfatı istehsalçılarının kooperativlərdə birləşməsinin stimullaşdırılması ilə bağlı tədbirlər görülməsi, kooperativlərdən hazır məhsulun qısa müddətdə tədarükünü, daxili və xarici bazara çıxışını təmin edən mexanizmin yaradılması, kənd təsərrüfatı kooperativlərinin istehsal bazasının modernləşdirilməsi, kooperativ bazarların fəaliyyəti üçün şərait yaradılması, vergi və kredit siyasəti vasitəsilə kooperasiyanın stimullaşdırılması, kooperasiyanın stimullaşdırılmasında subsidiyalardan istifadə edilməsi kimi amillər göstərilmişdir. Gözlənilən nəticələrə gəldikdə isə qeyd edilir ki, Dövlət Proqramının icrası kooperasiya hərəkatının geniş yayılmasına, kənd təsərrüfatının inkişafı istiqamətində qarşıya qoyulmuş məqsədlərə nail olmağa imkan verəcəkdir. Dövlət Proqramı çərçivəsində görülən işlər kənd yerlərində birgə təsərrüfatçılıq formalarının inkişafına təkan verməklə yanaşı, kooperativ üzvlərinin gəlirlərinin artmasına, həmin təsərrüfatlara investisiyaların cəlb edilməsinə şərait yaradacaqdır. Bu da kəndlərdə yaşayan əhalinin sosial rifah halının yüksəlməsinə, məşğulluq səviyyəsinin artmasına səbəb olacaqdır.

Rahil Həsənov həmçinin Daşkəsən DAİM-in çoxşaxəli fəaliyyəti, göstərdiyi xidmətlər və bu xidmətlərin hər bir vətəndaş üçün əlçatanlığı barədə geniş məlumat verib.

Gəncə-Daşkəsən Regional Məşğulluq İdarəsinin rayon xidmət şöbəsinin müdiri Şəhriyar Kazımov isə çıxışında rayonda işsiz və işaxtaran şəxslərin məşğulluğunun təmin olunması və qeyri-formal əmək münasibətlərinin aradan qaldırılmasına üçün aparılan işlərə toxunub. O cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətləri, həyata keçirilən rəqəmsal layihələr və korporativ sosial məsuliyyət tədbirləri barədə təqdimat edib.

Sonra fikir mübadiləsi aparılaraq sahibkarların bir sıra təklif və tövsiyələri dinlənilib, müraciətlərinin qeydiyyatı aparılıb.

    

Elmar Əliyev – VÜQARLI

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər