DAŞKƏSƏNDƏ KOB DOSTUNUN TƏŞƏBBÜSÜ İLƏ SAHİBKARLIĞA VƏ MƏŞĞULLUĞA DAİR MAARİFLƏNDİRMƏ DAVAM EDİR
Aprelin 17-də Daşkəsən KOB dostunun təşkilatçılığı Daşkəsən Rayon İcra Hakimiyyətinin, Gəncə-Daşkəsən Regional Məşğulluq İdarəsinin rayon xidmət şöbəsi və Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin iştirakı ilə Çanaqçı kəndində sakinlərlə sahibkarlığa və məşğulluğa dair maarifləndirici görüş keçirilib.
Tədbir eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 13 fevral tarixli 1816 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”nın 3.1-ci bəndinin (Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin aktiv məşğulluq tədbirlərinə cəlb edilməsi işinin gücləndirilməsi) icrası məqsədi daşıyıb.
Daşkəsən KOB dostu Muraz Məmmədov çıxışında iştirakçıları KOBİA-nın xidmətləri barədə məlumatlandırıb. Sahibkarlığa və bazarlara çıxışa dövlət dəstək mexanizmləri, “Startap” şəhadətnaməsi, daxili bazar araşdırmasının aparılması, özünüməşğulluq proqramı və bir sıra mövzular barədə söz açıb. Muraz Məmmədov vurğulayıb ki, Rayon İcra Hakimiyyətinin, Gəncə-Daşkəsən Regional Məşğulluq İdarəsinin rayon xidmət şöbəsi və Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin iştirakı ilə keçirilən tədbirin məqsədi koordinasiyalı şəkildə hərəkət etmək, rayonda sahibkarlıq və məşğulluq sahəsində mövcud olan problemlərə kompleks yanaşmaqla həllinə operativ nail olmaqdır.
Görüşdə həmçinin aqrar məşğulluğun artırılması, fermerlərin inkişafı üçün həyata keçirilən layihələr, suvarma məsələləri, gübrə ilə təminat, əkin sahələrində zərərvericilərə qarşı mübarizənin təşkili, bəyan prosesinin gedişi və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb, müraciət və təkliflər qeydə alınıb.
Daşkəsən KOB dostunun təşəbbüsü ilə analoji formatda növbəti görüşlərin rayonun digər yaşayış məntəqələrində keçirilməsi nəzərdə tutulur.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini