Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ KƏND TƏSƏRRÜFATININ MÖVCUD VƏZİYYƏTİ İLƏ BAĞLI OPERATİV MÜŞAVİRƏ KEÇİRİLİB

30 mart 2023 | 18:26

       

Martın 30-da Daşkəsən Rayon İcra Hakimiyyəti Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzi ilə birgə rayonda kənd təsərrüfatının ümumi mövcud vəziyyətinin qiymətləndirilməsi və qarşıda duran vəzifələri müəyyən etmək məqsədilə operativ müşavirə keçirib. Gündəliyə əsasən, Azərbaycan Respublikası Prezidentinin 3 oktyabr 2016-cı il tarixli 2358 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017–2020-ci illər üçün Milli Strategiya”nın 6.3.1.4-cü bəndi, yəni “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”na əməl olunmasına dair nəzarət mexanizmlərinin təkmilləşdirilməsi mövzusu da müzakirə olunub.

Müşavirədə Daşkəsən RİHB-nin müavini Vüqar Məmmədov, RİHBA-nın Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Orxan Həsənov, Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Rahil Həsənov, Daşkəsən KOB dostu Muraz Məmmədov, kənd inzibati ərazi dairələri üzrə nümayəndələr  və bələdiyyə sədrləri iştirak ediblər. 

RİHB-nin müavini Vüqar Məmmədov çıxış edərək Daşkəsən Rayon İcra Hakimiyyətinin  başçısı Əhəd Abıyevin tövsiyəsi ilə keçirilən müşavirənin məqsəd və əhəmiyyətindən danışıb.  Rayonda kənd təsərrüfatı ilə bağlı mövcud vəziyyətin inkişaf meyillərini nəzərə alaraq vətəndaşların müraciətlərinə daha həssas yanaşmağın vacibliyini və həlli mümkün olan nə varsa, operativ formada edilməli olduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, Daşkəsən rayonunun inzibati ərazisində olan dövlət fondu yay otlaq sahələri icarəyə verilərkən Torpaq məcəlləsinin, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.3.4-cü bəndinin və “Torpaq sahəsindən istifadənin iqtisadi əsaslandırılmasının Forması”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 30 noyabr 2018-ci il tarixli 512 nömrəli Qərarının tələblərinə əsasən müvafiq sənədlər hazırlanaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim edilir. Xidmət tərəfindən razılıq bildirildikdən sonra Rayon İcra Hakimiyyətinin sərəncamı ilə torpaq sahəsi icarəyə verilir. Rayon ərazisində torpaq sahələri icarəyə verilərkən otlaqların tutumu nəzərə alınmaqla  heyvanların yerləşdirilməsi mövcud normalara uyğun təmin edilir.

RİHBA-nın şöbə müdiri Orxan Həsənov deyib ki, “Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə bağlı bəzi normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası  Nazirlər Kabinetinin 15 mart 2000-ci il tarixli 42 nömrəli qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 2013-cü il tarixli 156 nömrəli Qərarına əsasən dövlət fonduna aid yay və qış otlaq sahələrinin təyinatı üzrə səmərəli istifadə olunmasına nəzarət yerli icra hakimiyyətlərinin vəzifə səlahiyyətlərinə aid edilmişdir. Qərarın icrası ilə bağlı Daşkəsən rayonunda yaylaq mövsümü zamanı istər dövlət fondu yay otlaq sahələrinə, həmçinin kəndlərin örüş sahələrinə aran rayonlarından qışlamadan heyvanların gətirilməsi ilə əlaqədar yerlərdə baytar nəzarət məntəqələri təşkil edilir. Polis sahə müvəkkillərinin iştirakı ilə yaradılmış işçi qrupları nəzarət tədbirlərini mütəmadi olaraq həyata keçirirlər.

Daşkəsən DAİM-in direktoru Rahil Həsənov rayon ərazisində kənd təsərrüfatı işlərinin təşkili, əkinlərin aparılması, peyvəndləmə, subsidiyaların verilməsi, kənd təsərrüfatı sığortasının və aqrotexniki tədbirlərin həyata keçirilməsi, fermerlərin elektron qeydiyyatının aparılması ilə əlaqədar görülməli işlər barədə ətraflı məlumat verib, statistik hesabatların təqdim olunması vəziyyətini təhlil edib. Həmçinin Rahil Həsənov rayonun aqrar sektorunda  mövcud olan problemlərin aradan qaldırılmasına dair yerli icra nümayəndələrinin və bələdiyyə sədrlərinin verdikləri təklifləri dinləyib, qeydlər aparıb.

Daşkəsən KOB dostu Muraz Məmmədov isə çıxışında KOBİA-nın rayonun aqrar inkişafı sahəsində gördüyü işlərdən və icrası nəzərdə tutulan tədbirlərdən söz açıb.

Müşavirədə rayonun aqrar məsələləri əsaslı təhlil və müzakirə edilib, aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verilib.

 

Elmar Əliyev
Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər