Daşkəsəndə kənd təsərrüfatı istehsalçıları və sahibkarlarla görüş keçirilmişdir.
Daşkəsən rayonunun Quşçu kəndində keçirilən görüş kənd təsərrüfatı məhsullarının sənaye üsulu ilə emalı müəssisələrinin, həmçinin yun və gön-dəri emalı müəssisələrinin yaradılmasının təşviq edilməsi və dəstəklənməsi məqsədi daşıyıb.
Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin böyük məsləhətçisi Ayaz Allahyarov, Gəncə-Daşkəsən Regional Məşğulluq filialının Daşkəsən rayon xidmət şöbəsinin baş mütəxəssisi Elvin Verdiyev, Daşkəsən KOB dostu Muraz Məmmədov, Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik və heyvandarlıq sektorunun mudiri Vüqar İmamverdiyev, fermerlər, sahibkarlar və təsərrüfat sahibləri iştirak edib.
Tədbirdə qeyd olunmuşdur ki, Daşkəsən rayonunda dağ-mədən sənayesi ilə yanaşı, kənd təsərrüfatının əsasən, kartofçuluq, heyvandarlıq, maldarlıq və arıçılıq sahələri inkişaf etmişdir.
Görüşdə müasir tələblərə cavab verən müəssisələrin yaradılması, kənd təsərrüfatı məhsullarının sənaye üsulu ilə emal olunmasının təşviq edilməsinin səmərəliliyi barədə maarifləndirici söhbətlər və diskussiyalar aparılmış, sahibkarların təklifləri və müraciətləri dinlənilmişdir.
Bildirilmişdir ki, rayon ərazisində şəxsi və fermer təsərrüfatlarında kifayət qədər iri və xırda buynuzlu heyvanların saxlandığı nəzərə alınaraq ərazidə yun və gön-dəri emalı müəsissəsinin yaradılması effektli hesab oluna bilər. Bu istiqamət üzrə sahibkarlıq fəaliyyəti göstərmək istəyində olan fiziki və hüquqi şəxslərə layihələrin və biznes-planların hazırlanmasında, müvəkkil kredit bankların tapılmasında bütün zəruri dəstək göstəriləcəyi vurğulanmışdır.