DAŞKƏSƏNDƏ “HEYDƏR ƏLİYEVİN FƏALİYYƏTİ MÜASİR GƏNCLİYİN GÖZÜ İLƏ” MÖVZUSUNDA OXUCU KONFRANSI KEÇİRİLİB
İyulun 20-də Daşkəsən Rayon İcra Hakimiyyəti ilə rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi “Heydər Əliyev İli” çərçivəsində təsdiq olunmuş Tədbirlər Planına əsasən “Heydər Əliyevin fəaliyyəti müasir gəncliyin gözü ilə” mövzusunda oxucu konfransı təşkil təşkil ediblər.
Daşkəsən RİH-nin məsul işçiləri, rayon üzrə Gənclər və İdman sektorunun müdiri Samir Həsənov, rayon MKS-nin əməkdaşları, oxucular və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi konfransda əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi anılıb.
Giriş nitqi ilə RİHBA-nın məsul işçisi Kənan Qurbanov çıxış edib. Bildirib ki, gənclərimizin bir fərd, əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında Ümummilli Lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri var. Ulu Öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tuturdu.
Rayon üzrə Gənclər və İdman sektorunun müdiri Samir Həsənov isə çıxışında vurğulayıb ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Digər çıxışçılar isə qeyd ediblər ki, Ulu Öndər hər zaman gənclərə xüsusi qayğı ilə yanaşmış, gənclərin problemləri hər an Onun diqqət mərkəzində olmuş, yüksək intellektual səviyyəyə, müasir dünyagörüşünə malik gənc nəslin yetişməsinə olduqca böyük əhəmiyyət vermişdir. Heydər Əliyevin Azərbaycan gəncliyinə böyük qayğısı təkcə müstəqillik illərində deyil, hələ Sovet dövründə aşkar müşahidə olunurdu. Belə ki, ötən əsrin 70-ci illərində məhz Ümummilli Liderin təşəbbüsü və gərgin səyləri nəticəsində on beş mindən artıq azərbaycanlı gənc SSRİ-nin 170-dən çox təhsil müəssisəsində ali təhsil almışlar. Bu addım Azərbaycanda ən müxtəlif sahələr üzrə peşəkar kadr bazasının formalaşmasına xidmət etmişdir. Azərbaycan Respublikasının müstəqilliyinin ilk illərindəncə digər sahələrin inkişafı ilə yanaşı, gənclərin üzləşdikləri problemlərin həlli də Heydər Əliyev üçün prioritet təşkil etmişdir. Ölkənin siyasi həyatında heç də ürəkaçan hadisələrin baş vermədiyi bir vaxtda, 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması sübut edirdi ki, Ulu Öndər ölkənin gələcəyini birbaşa gənclərin hərtərəfli inkişafı ilə bağlayırdı. Bu istiqamətdə yorulmadan böyük işlər görməklə Ümummilli Lider Heydər Əliyev gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının yüksək səviyyədə təmin edilməsinə nail olmuşdur.
Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda dövlət gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin dövlət qulluğunda məsul vəzifələrdə iştirakını təmin etmək, aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi ilə ölkə rəhbərliyi bütün lazımi tədbirləri həyata keçirir, önəmli Dövlət proqramları qəbul olunur. Gənclərin ailə-məişət problemlərinin həllini daim diqqətdə saxlayan Prezident cənab İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi siyasət ölkə gəncləri tərəfindən yüksək dəyərləndirilir. Cənab İlham Əliyevin gənclərlə keçirdiyi görüşlərdə irəli sürülən təklif və təşəbbüslərin dəstəklənməsi, real həyatda həllini tapması gənclərə dövlət qayğısının ifadəsidir.
Tədbir Ümummilli Lider Heydər Əliyevin gənclər siyasətinin müxtəlif aspektlərindən bəhs edən məruzələr ətrafında müzakirələr və məktəblilərin hazırladıqları ədəbi-bədii kompozisiya ilə başa çatıb.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini