Daşkəsəndə “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı” mövzusunda seminar keçirilib
Sentyabrın 29-da Daşkəsən Rayon İcra Hakimiyyətinin və rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində təsdiq olunmuş Tədbirlər Planına əsasən “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı” mövzusunda keçirilən növbəti seminar Ümummilli Lider Heydər Əliyev irsinin öyrənilməsi və geniş təbliği məqsədi daşıyıb.
Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayan seminarda Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Qəhrəman Hüseynov, rayon Heydər Əliyev Mərkəzinin direktoru Nailə Məmmədova və Mərkəzin işçisi Aygün İbrahimova mövzuya dair məruzələrlə çıxış ediblər. Çıxışlarda vurğulanıb ki, Heydər Əliyev şəxsiyyəti Azərbaycan tarixində, milli-siyasi təfəkkürümüzdə, dövlətçilik şüurumuzda çox böyük məna yükünü daşıyan fenomendir.
Müstəqil Azərbaycan dövlətinin hər bir atributu Heydər Əliyevin adı, onun yorulmaz fəaliyyəti ilə bağlıdır. Ulu Öndərin rəhbərliyi ilə xalqımız sosial-iqtisadi tərəqqi, milli oyanış, mədəni intibah, azadlıq hərəkatı mərhələsindən keçərək müstəqillik əldə etmiş, suverenliyini və milli birliyini təmin edərək onu qorumaq imkanlarına malik olmuşdur.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əməlləri tarix ötdükcə daha möhtəşəm görünür və daha dərindən dərk olunur. Ulu Öndərin siyasi varisi Prezident cənab İlham Əliyev demişdir: "Heydər Əliyevin siyasəti yaşamalıdır. Bu, zəmanənin tələbidir. Bu, yeganə siyasətdirki, Azərbaycanı daha da gücləndirəcək, Azərbaycan xalqının həyat səviyyəsinin yaxşılaşmasına xidmət edəcəkdir".
Sonda “Heydər Əliyev Dünyaya pəncərə” adlı sənədli film nümayiş olunub və suallar cavablandırılıb.