DAŞKƏSƏNDƏ “HEYDƏR ƏLİYEV – MÜASİR AZƏRBAYCAN DÖVLƏTÇİLİYİNİN MEMARI” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLİB
Mayın 2-də Daşkəsən Rayon İcra Hakimiyyəti ilə rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi “Heydər Əliyev İli” çərçivəsində təsdiq olunmuş Tədbirlər Planına əsasən “Heydər Əliyev – müasir Azərbaycan dövlətçiliyinin memarı” mövzusunda dəyirmi masa təşkil ediblər.
Daşkəsən RİH-nin məsul işçiləri, rayon MKS-nin əməkdaşları və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi dəyirmi masada əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi anılıb.
RİHBA-nın məsul işçisi Orxan Abbasov giriş nitqi ilə çıxış edib. Bildirib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi haqqında” 29 sentyabr 2022-ci il tarixli Sərəncamı mühüm siyasi qərardır. Ulu Öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın hərtərəfli inkişafına, qüdrətlənməsinə öz töhfəsini verərək, onun gələcəyinin inkişaf strategiyasını müəyyən etmiş və Azərbaycan xalqının rifahını, milli dövlətçiliyimizin daha da güclənməsini hər şeydən üstün tutmuşdur.
Rayon MKS-nin direktoru Alidə Mustafayeva isə məruzəsində vurğulayıb ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin milli dövlətçiliyimizin formalaşmasında, möhkəmləndirilməsində və inkişafında misilsiz fəaliyyəti hələ bundan sonra da öyrəniləcək və hər birimiz üçün örnək olaraq qalacaqdır. Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan şərəfli yol dahi Öndərin hakimiyyətə birinci rəhbərliyi dövründən başlayır. Belə ki, respublikanın üzləşdiyi problemləri ilk gündən düzgün müəyyənləşdirməklə Heydər Əliyev onların həlli üçün lazımi iradə, qətiyyət və prinsipiallıq göstərdi. Fitri istedadı, yüksək təşkilatçılıq və idarəçilik məharəti ilə Azərbaycanı cəmi bir neçə ilə dinamik inkişaf yoluna çıxarmağa müvəffəq oldu.
XX əsrin 90-cı illərində Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi zaman dünya miqyasında mürəkkəb və ziddiyyətli geosiyasi proseslər baş verirdi. Belə bir şəraitdə müstəqil dövlət qurmaq son dərəcə müdrik, yaradıcı və çevik yanaşma tələb edirdi. Heydər Əliyev bu vəzifəni 1993-cü ildən etibarən uğurla yerinə yetirməyə başladı. Həmin ilin may-iyununda dövlət böhranının, hakimiyyətsizliyin, xaosun, başıpozuqluğun kulminasiya nöqtəsinə çatması ilə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda xalq təkidlə Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı, bu, ümummilli hərəkata çevrildi. 15 iyun 1993-cü il tarixə Milli Qurtuluş Günü kimi daxil oldu. Həmin gün müdrik siyasətçinin, təcrübəli və iradəli dövlət xadiminin hakimiyyətə tarixi qayıdışı baş verdi. Dahi şəxsiyyət Azərbaycanın idarəçilik sükanı arxasına keçərək qısa müddətdə milli dövlətçilik doktrinasını irəli sürdü və onun sürətli icrasına başladı. Üzləşdiyi çətinliklərə, maneələrə, dövlət çevrilişi cəhdlərinə cəsarətlə sinə gərərək mübarizlik, əyilməz iradə, dəmir məntiq, özünəinam və siyasi uzaqgörənlik kimi keyfiyyətlərdən məharətlə bəhrələndi, xalqımızı vətəndaş müharibəsindən, müstəqilliyimizi itirmək təhlükəsindən qurtardı, müasir tariximizə dövlətçiliyimizin xilaskarı, qurucusu kimi daxil oldu. Bu gün Azərbaycan dövləti, Azərbaycan xalqı Prezident cənab İlham Əliyevin rəhbərliyi altında gələcəyə, inkişafa doğru məhz Heydər Əliyevin təməlini qoyduğu yol ilə inamla irəliləməkdədir.
Dəyirmi masada Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif aspektlərindən bəhs edən məruzələr dinlənilib və tədbir məruzələr ətrafında çıxışlarla başa çatıb.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini