DAŞKƏSƏNDƏ “HEYDƏR ƏLİYEV İLİ”NƏ HƏSR EDİLMİŞ RAYON ÜZRƏ VOLEYBOL BİRİNCİLİYİ KEÇİRİLİR
Martın 13-də Daşkəsən Rayon İcra Hakimiyyətinin, Rayon Gənclər və İdman İdarəsinin, rayon üzrə Təhsil Sektorunun və Uşaq, Gənclər İdman, Şahmat məktəbinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev İli" çərçivəsində təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq ümumtəhsil məktəblərinin oğlanlardan ibarət komandaları arasında “Heydər Əliyev – 100” adlı rayon üzrə voleybol birinciliyinin keçirilməsinə başlanılıb.
Yarışın açılış hissəsində Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şahidlərimizin əziz xatirəsi yad edilib.
Tədbiri giriş sözü ilə açan RİHBA-nın məsul işçisi Qəhrəman Hüseynov bildirib ki, Azərbaycanın dövlətçilik tarixinin çox mühüm mərhələsi dünyaşöhrətli siyasətçi, böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər öz mənalı və zəngin ömrünü bütövlükdə millətinə, xalqına, vətəninə və dövlətinə həsr etmiş, müqəddəs amallar uğrunda müstəsna fəaliyyət göstərmişdir. Məhz Ulu Öndərin gərgin əməyi və qətiyyətli siyasəti sayəsində yeni, müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur.
Rayon Gənclər və İdman İdarəsinin rəisi Samir Həsənov isə çıxışında vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə vətəndaş həmrəyliyinə nail olunması, sabitlik yaradılması, müstəqil dövlət qurulması, bütün sahələrdə mühüm islahatlar həyata keçirilməsi, beynəlxalq aləmdə respublikamızın mövqeyinin möhkəmləndirilməsi kimi istiqamətlərdə gördüyü işlər unudulmazdır. Ümummilli Liderin siyasəti bu gün uğurla davam etdirilir. Belə ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Ulu Öndərin ideyalarını zamanın tələbinə və ruhuna uyğun şəkildə inkişaf etdirir. Bununla yanaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyeva da ölkəmizin tərəqqisinə önəmli töhfələr verir. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun qazandığı tarixi Zəfər Ulu Öndərin əsasını qoyduğu uğurlu daxili və xarici siyasətin təntənəsidir.
Yarışın keçirilmə qaydaları barədə komandalar məlumatlandırıldıqdan sonra məşqçi-müəllimlərindən təyin edilmiş hakimlər tərəfindən Olimpiya sistemi (uduzan çıxır sistemi) üzrə yarışlara start verilib.
Martın 15-dək davam edəcək rayon birinciliyində 8 komanda yarışacaq.
Birinciliyin sonunda qalib komandalar mükafatlandırılacaq.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini