DAŞKƏSƏNDƏ “HEYDƏR ƏLİYEV İLİ” ÇƏRÇİVƏSİNDƏ ULU ÖNDƏRİN HƏYAT VƏ FƏALİYYƏTİNDƏN BƏHS EDƏN NÖVBƏTİ TARİX DƏRSİ KEÇİRİLİB
Martın 30-da Daşkəsən Rayon İcra Hakimiyyəti və Daşkəsən rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində təsdiq olunmuş Tədbirlər Planına əsasən rayon Heydər Əliyev Mərkəzində yuxarı sinif şagirdləri üçün dərsdənkənar “Heydər Əliyev və Azərbaycan məfkurəsi” mövzusunda növbəti tarix dərsi keçirilib.
Tarix dərsini RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elmar Əliyev və rayon Heydər Əliyev Mərkəzinin direktoru Nailə Məmmədova aparıblar.
Dərsin iştirakçılarına Ümummilli Lider Heydər Əliyevin həyatının müxtəlif dövrləri, çoxşaxəli fəaliyyətinin ayrı-ayrı aspektləri, Azərbaycan tarixindəki yeri və rolu barədə geniş məlumat verilib. Bildirilib ki, Ulu Öndər bir-birindən köklü şəkildə fərqlənən iki dövrdə Azərbaycana uğurla rəhbərlik edib, onun hərtərəfli inkişafını təmin edərək SSRİ-nin 15 respublikası arasında qabaqcıl mövqelərə çıxarıb. Müstəsna keyfiyyətlərinə görə Heydər Əliyev SSRİ kimi nəhəng ölkənin ali partiya və dövlət rəhbərlərindən biri səviyyəsinə yüksəlib. Ona qədər nəinki heç bir azərbaycanlı, ümumiyyətlə, Sovet İttifaqı tərkibindəki heç bir müsəlman xalqının nümayəndəsi həm Siyasi Büronun üzvü, həm də SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi yüksək vəzifələrə layiq görülməmişdi. 1993-cü ildə xalqın tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev qısa müddətdə ölkədə hökm sürən xaos və anarxiyanın, etnik seperatizm təzahürlərinin qarşısını aldı, hakimiyyəti silahlı yolla devirmək praktikasına birdəfəlik son qoydu. Beləliklə, Azərbaycan yenicə qazandığı dövlət müstəqilliyini itirmək təhlükəsindən qurtuldu, aparılan əsaslı islahatlar sayəsində davamlı inkişaf yoluna qədəm qoydu. Ulu Öndərin əsasını qoyduğu siyasi kurs bu gün onun layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan regionda lider dövlətdir.
Məruzələrdən sonra Ulu Öndər Heydər Əliyevə həsr edilmiş “Böyük Ömrün Anları” adlı sənədli film nümayiş olunub.
“Heydər Əliyev və Azərbaycaçılıq məfkurəsi” dərsi sual-cavab və müzakirələrlə başa çatıb.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini