Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ “HEYDƏR ƏLİYEV İLİ” ÇƏRÇİVƏSİNDƏ “MƏN FƏXR EDİRƏM Kİ, AZƏRBAYCANLIYAM!” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLİB

06 mart 2023 | 16:14

Martın 6-da Daşkəsən Rayon İcra Hakimiyyəti ilə rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi “Heydər Əliyev İli” çərçivəsində təsdiq olunmuş Tədbirlər Planına əsasən “Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” mövzusunda dəyirmi masa təşkil ediblər.

Daşkəsən RİH-nin məsul işçiləri, rayon MKS-nin əməkdaşları və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi dəyirmi masada əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi anılıb.

Giriş nitqi ilə çıxış edən RİHBA-nın məsul işçisi Orxan Abbasov bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Müasir Azərbaycan tarixinin 30 ildən artıq bir dövründə respublikamıza rəhbərlik etmiş Heydər Əliyev dövlətçilik salnaməsində elə bir irs yaratmışdır ki, onun öyrənilməsinə, təbliğinə və tətbiqinə hələ uzun illər böyük ehtiyac olacaqdır və bu irs heç zaman tükənməyəcəkdir. Hər zaman Azərbaycan xalqının mənafeyini düşünən Heydər Əliyev azərbaycanlı olması ilə fəxr edirdi. Dahi rəhbərin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" müdrik kəlamı dillər əzbəri olmuş, hər bir azərbaycanlının iftixarla səsləndirdiyi şüara çevrilmişdir. Bu gün Ulu Öndərin ölməz ideyaları onun siyasi varisi Prezident cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə uğurla davam etdirilir.

Rayon MKS-nin direktoru Alidə Mustafayeva məruzəsində deyib ki, Ulu Öndər Heydər Əliyevin keçdiyi böyük, mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi istər birinci, istərsə də ikinci dövr minilliklər boyu davam edən dövlətçilik tariximizin şanlı səhifəsidir. Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatının elə bir sahəsi yoxdur ki, o sahənin inkişafı Ulu Öndərin adı ilə bağlı olmasın. Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri, şübhəsiz ki, Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır. Ulu Öndər Heydər Əliyev böyük uzaqgörənliklə deyirdi ki, mənim görüb başa çatdırmadığım işləri Azərbaycan xalqının dəstəyi ilə İlham Əliyev başa çatdıracaq. Ulu Öndərin arzusunda olduğu, lakin ömrü vəfa vermədiyi üçün başa çatdıra bilmədiyi ən birinci vəzifə isə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızın işğaldan azad edilməsi idi. Həmin dövrdə Ermənistan rəhbərliyinin təkəbbürlü nadanlığı, beynəlxalq güclərin ikiüzlülüyü, imperialist dövlətlərin Qafqazda maraqlarının toqquşması Qarabağ məsələsinin diplomatik yolla həllinə imkan vermədi. Müharibə yolu ilə məsələnin həlli üçün qüdrətli dövlət, güclü iqtisadiyyat və qalibiyyətli ordu yaratmaq, beynəlxalq ictimaiyyətin nüfuzunu və dəstəyini qazanmaq üçün uzun zaman, məqsədyönlü fəaliyyət, dəqiq proqram, böyük siyasi iradə, gərgin zəhmət lazım idi. Tanrı bu şərəfli missiyanı Ali Baş Komandan cənab İlham Əliyevin qismətinə yazmışdı. Prezident cənab İlham Əliyev Ordumuz və xalqımızla birlikdə bu işi bacardı. Hər birimiz əminik ki, bu gün daim azərbaycanlı olması ilə fəxr edən Heydər Əliyevin ruhu şad­dır. Xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü onun ideya və əməllərini da­vam etdirən, yarımçıq qalmış arzuları ilə bağlı vəsiyyətlərini gerçəkləşdirən Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında bərpa edilib, 30 ildən bəri düşmən əsarətində olan Qarabağ əbədi azadlığına qovuşub. Heydər Əliyevin böyük siyasəti qalib gəlməklə onun ölməzliyini bir daha təsdiqləyib. Xalqımız Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini daim uca tutur.

Digər çıxış edənlər də dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyəti haqqında bir-birindən maraqlı xatirələri bölüşüb, fikirlərini bildiriblər.

Tədbir xoş ovqat və ruh yüksəkliyi ilə başa çatıb.

Elmar Əliyev – Vüqarlı

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər