Daşkəsəndə Çoxgöstəricili Klaster Sorğusu (MİCS) keçirilmişdir.
03-05 avqust 2023-cü il tarixlərdə Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayon Statistika idarəsinin və BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycan Respublikasındakı Nümayəndəliyinin əməkdaşlarının iştirakı ilə Daşkəsən şəhərində, Quşçu qəsəbəsində, Qabaqtəpə və Rəsullu kəndlərində Çoxgöstəricili Klaster Sorğusu (MİCS) keçirilmişdir.
Tədbir Dövlət Statistika Komitəsi ilə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) Azərbaycan Respublikasındakı Nümayəndəliyi arasında imzalanmış Anlaşma Memoranduma əsasən həyata keçirilir.
Eyni zamanda Çoxgöstəricili Klaster Sorğusunun keçirilməsi “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nda öz əksini tapmışdır. Bu tədbirin yerinə yetirilməsi aktual, dolğun və müxtəlif əlamətlərə görə dezaqreqasiya olunan yeni məlumatların toplanılmasına, bununla da statistik məlumat bazasının zənginləşdirilməsinə, Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə məlumatların əldə olunmasına, məlumatların beynəlxalq müqayisəliliyinin təmin edilməsinə və statistik potensialın gücləndirilməsinə təkan verəcək. MICS-in keçirilməsi ilə ölkəmizdə uşaqlara və qadınlara dair məlumatlar dəstinin tamlığı təmin olunacaq.