Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ “AZERGOLD” QSC-NİN TƏŞKİLATÇILIĞI İLƏ NÖVBƏTİ TİBBİ MÜAYİNƏ AKSİYASI KEÇİRİLİR

21 iyul 2023 | 14:42

Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və Bakı Sağlamlıq Mərkəzinin təşkilatçılığı ilə Daşkəsən rayonunda, “Çovdar” qızıl mədənin yaxınlığında yerləşən Çovdar kəndi, Şadax yaşayış məntəqəsi, Çaykənd, Quşçu, Bayan və digər  kəndlərin sakinlərinin növbəti səyyar tibbi müayinəsinə start verilib. Aksiyanın ilk günündə rayon ərazisində yaşayan şəhid ailələrinin üzvləri, həmçinin müharibə iştirakçıları müayinəyə cəlb edilib.

Ulu Öndər Heydər Əliyevin 100 illiyi çərçivəsində “Öncə sağlamlıq!” devizi altında təşkil olunan aksiyada yerli əhali 3 gün müddətinə ödənişsiz olaraq müxtəlif tibbi xidmətlərdən yararlanacaqlar. İyulun 22-dək davam edəcək aksiya çərçivəsində peşəkar həkim briqadası təqribən 500 nəfər sakinin ümumi cərrah, LOR, terapevt, endokrinoloq, kardioloq, nevropatoloq, pediatr, USM, EXO, EKQ, qanın və sidiyin ümumi analizi, ambulator qan təzyiqi monitorizasiyası və şəkərin təyini müayinələrindən keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, səyyar tibbi müayinə aksiyası yerli icmaların, xüsusilə ucqar kənd sakinlərinin səhiyyə sahəsində xidmətlərə əlçatanlığının artırılması, profilaktik müayinə mədəniyyətinin təbliği, əhalinin yaş kateqoriyaları, sosial-iqtisadi və gender amillərinə uyğun olaraq, sağlam həyat tərzi və davranış risk amilləri ilə bağlı vəziyyətin müntəzəm monitorinqi və qiymətləndirilməsi məqsədi daşıyır.

2021-ci ildən etibarən həyata keçirilən müayinə aksiyaları zamanı ümumilikdə 1500 nəfərə yaxın Daşkəsən sakini ödənişsiz olaraq müxtəlif tibbi xidmətlərdən yararlanıb. Müayinələr əsnasında müxtəlif diaqnozlar aşkarlanan vətəndaşlara müvafiq müalicə kursları təyin edilib.

Xatırladaq ki, Cəmiyyətin fəaliyyət göstərdiyi regionlardakı mədənlərin yaxınlığında yerləşən şəhər, kənd və qəsəbələrdə yaşayan, xüsusilə də sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin qayğı ilə əhatələnməsinə xidmət edən bu tip layihələr bundan sonra da həyata keçiriləcəkdir.

 

Elmar Əliyev - Vüqarlı

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər