Daşkəsəndə avtomobillə normadan artıq yük daşıyan fiziki və hüquqi şəxslərə qarşı nəzarət tədbirləri həyata keçirilir.
Daşkəsən rayonu ərazisində ümumi istifadədə olan avtomobil yollarında bəzən iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən həddən artıq yüklənməsi nəticəsində avtomobil yollarına, yol qurğularına ziyan vurulur, digər hərəkət iştirakçıları üçün təhlükəli vəziyyət yaranır.
Bunun qarşısını almaq məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC Daşkəsən Rayon İcra Hakimiyyəti və Daşkəsən Rayon Polis Şöbəsi ilə birgə Daşkəsən-Gəncə avtomobil yolunda tərəzi nəzarət məntəqəsi təşkil edərək maarifləndirmə xarakterli yoxlama tədbirləri görür. Yoxlama tədbirləri zamanı iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və kütlə parametrlərinə dair tələblərini pozan sürücülərin aşkarlanması, icazə verilən həddən artıq yükü olan nəqliyyat vasitələrinin yol hərəkətindən kənarlaşdırılması, artıq yükün boşaldılması və sürücülərə inzibati məsuliyyət daşıdıqları barədə xəbərdarlıqların edilməsi həyata keçirilir.
Daşkəsən rayonunda avtomobil yollarında hərəkət zamanı icazə verilən kütlə və qabarit parametrlərinə əməl etməməklə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin avtomobil yollarına vurduqları ziyanın hesablanması, habelə həmin zərərin ödənilməsi və aradan qaldırılması məqsədi ilə tədbirlərin görülməsi zərurəti yarandığından bu istiqamətdə müvafiq addımların atılması davam etdiriləcək.
Bir daha sürücülərin, eləcə də yüklənməni həyata keçirən vəzifəli və hüquqi şəxslərin nəzərinə çatdırılır ki, mövcud qanunvericiliyin tələblərinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş yük parametrlərini aşma hallarının aşkarlanacağı təqdirdə həmin avtomobilin hərəkəti qadağan edilməklə onu idarə edən fiziki şəхslər altı yüz mаnаt məbləğində, icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə yol vermiş vəzifəli şəxslər min dörd yüz manatdan min yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər isə dörd min manatdan beş min manatadək məbləğdə cərimə ediləcəklər.