DAŞKƏSƏNDƏ ARIÇILIĞIN İNKİŞAFINA NÖVBƏTİ DƏSTƏK LAYİHƏSİ HƏYATA KEÇİRİLƏCƏK
Martın 3-də “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) təşkilatçılığı və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Daşkəsən rayonunda arıçılıq təsərrüfatlarının inkişafına dəstək məqsədilə növbəti sosial layihənin icrasına başlanılıb.
Layihə çərçivəsində ilkin olaraq rayonunun Çovdar, Quşçu, Bayan kəndləri və Şadax adlanan ərazisində yaşayan bir qrup kiçik arıçılıq təsərrüfatı sahibi ilə görüş keçirilib.
Fermerlərlə tanışlıq, onların arıçılıq fəaliyyəti zamanı qarşılaşdıqları çətinliklər və bu çətinliklərin aradan qaldırılması yollarının müəyyən edilməsi üçün təşkil olunan toplantıda “AzerGold” QSC-nin müşaviri İlqar Cəlilov, KOBİA-nın Gəncə-Qazax regionu üzrə koordinatoru Anar Əliyev, Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçisi Elmar Əliyev, həmçinin regional strukturların nümayəndələri iştirak ediblər.
Natiqlər “Daşkəsən rayonunda arıçılıq təsərrüfatının inkişafına dəstək” layihəsi ilə bağlı fermərlərə ətraflı məlumat veriblər. Bildirilib ki, “AzerGold” QSC-nin aktiv hasilat və istehsalat fəaliyyəti həyata keçirdiyi Daşkəsən rayonunda korporativ sosial məsuliyyət siyasətinin hədəflərindən biri də rayonda kiçik sahibkarlıq ekosisteminin inkişafına, arıçılıq təsərrüfatının ekosahibkarlıq növü kimi təşviqinə və təbii bal istehsalının artırılmasına töhfə vermək, bununla yerli icmaların sosial-iqtisadi vəziyyətini daha da yaxşılaşdırmaqdır. Layihənin icra dövrü ərzində “AzerGold” QSC və KOBİA tərəfindən arıçı fermerlərin müvafiq təlimlərə cəlb edilməsi, arılara yaz qulluğu, xəstəliklərə və ziyanvericilərə qarşı mübarizə metodları, beçələmə və ana arıların yetişdirilməsi qaydaları barədə nəzəri və praktik məşğələlərin təşkili, paralel olaraq iştirakçılara dövlət qayğısı sayəsində sahibkarlığın inkişafı istiqamətində icra edilən təşkilati, hüquqi və iqtisadi tədbirlər, biznes fəaliyyəti üçün yaradılmış əlverişli mühit, səmərəli maliyyə resurslarına çıxış, aqrar sığorta işinin təşkili mövzularında seminarların keçirilməsi planlaşdırılır. Təlimləri uğurla başa vuran arıçı fermerlərə fərdi təsərrüfatlarını inkişaf etdirmələri üçün arı ailələri, müvafiq dərman preparatları, zəruri avadanlıqların təqdim edilməsi nəzərdə tutulub.
Müzakirə şəraitində keçirilən görüşdə fermerlərin müraciətləri dinlənilib, yeni təşəbbüslərlə bağlı fikir mübadiləsi aparılıb, səsləndirilən təkliflər qeydə alınıb.
Qeyd edək ki, “Daşkəsən rayonunda arıçılıq təsərrüfatının inkişafına dəstək” layihəsi ilk dəfə 2022-ci ilin 31 mart-28 aprel tarixlərində icra edilib. Layihə çərçivəsində təşkil edilən təlimlərdə Bayan, Quşçu və Zəylik kəndlərində fəaliyyət göstərən 24 nəfər arıçı fermer iştirak edib. Təlim və praktik məşğələlərdə iştirak etmiş arıçı fermerlər sertifikatlarla təltif olunub, fermerlərə tələb olunan ləvazimatlarla tam təchiz edilmiş 120 arı ailəsi və müvafiq dərman preparatları hədiyyə edilib. Bundan başqa, Daşkəsən rayonu ərazisində nektar verən akasiya ağacların əkilib.
Elmar Əliyev - Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini