Daşkəsəndə 8 Noyabr – Zəfər Günü münasibətilə güləş yarışı keçirilib.
Noyabrın 6-da Daşkəsən rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbində 8 Noyabr – Zəfər Günü münasibətilə yunan-Roma güləşi üzrə yeniyetmələr arasında rayon birinciliyi keçirilib.
Daşkəsən Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman Sektorunun, Təhsil Sektorunun birgə təşkilatçılığı ilə keçirilən yarışda 15 çəki dərəcəsində 69 idmançı mübarizə aparıb.
Yarışın açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi yad edilib.
Çıxışlarda vurğulanıb ki, Azərbaycan xalqı "Heydər Əliyev İli" çərçivəsində 8 Noyabr – Zəfər Gününü daha böyük coşqu ilə qarşılayır. Bu tarixi Zəfərdə Azərbaycan idmançılarının da payı az olmayıb. Həmişə beynəlxalq arenalarda bayrağımızı yüksəklərə qaldıran gənc idmançılarımız bu dəfə əzəli torpağımız Qarabağda bayrağımızın dalğalandırılmasında yaxından iştirak ediblər. Vətən müharibəsində ümumilikdə 988 idmançı iştirak edib ki, onlardan 320-si müqəddəs şəhidlik zirvəsinə ucalıb.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda birinci, ikinci və üçüncü yerləri tutmuş idmançılara diplom və mükafatlar təqdim edilib.