Daşkəsəndə 8 Noyabr – Zəfər Günü ərəfəsində məktəblilərin Vətən müharibəsi iştirakçıları ilə görüşləri təşkil olunub
8 Noyabr – Zəfər Gününün dördüncü ildönümü ilə bağlı Daşkəsən Rayon İcra Hakimiyyəti və rayon üzrə Təhsil Sektoru rayonun ümumtəhsil müəssisələrində məktəblilərin Vətən müharibəsi iştirakçıları ilə görüşlərini keçirib.
Görüşlərin məqsədi Vətən müharibəsində qazanılmış tarixi Zəfər barədə məktəbliləri məlumatlandırmaq, Vətən müharibəsinin canlı iştirakçılarını və şəhidlərimizi böyüməkdə olan nəslə tanıtmaq, yeniyetmə və gənclərə vətənpərvərlik hisslərini aşılamaqdır.
Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələrinin anılması ilə başlanan tədbirlərdə qarşıdan gələn 8 Noyabr – Zəfər Günü və Dövlət Bayrağı Günü münasibəti ilə təbriklər çatdırılıb, 44 günlük Vətən müharibəsinin xalqımızın qətiyyət və əzminin, möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin əsl sərkərdəlik qabiliyyətinin, siyasi iradəsinin və uzaqgörənliyinin təntənəsi kimi tariximizin şərəf və qürur səhifəsinə çevrildiyi vurğulanıb.
Daşkəsən rayonundan olan veteranlar çıxışlarında keçdikləri çətin və şərəfli döyüş yolları barədə məktəblilərə məlumat veriblər. Qalib Azərbaycan Ordusunun qəhrəmanlığından, xalqımızın öz rəhbəri və ordusuna göstərdiyi sonsuz dəstəkdən danışıblar. Müharibə bitdikdən sonra Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın şəhid ailələrinə, Vətən müharibəsi əlillərinə və iştirakçılarına göstərdikləri diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. O da diqqətə çatdırılıb ki, məktəblilər Vətən müharibəsində yazılan Zəfər tariximizi qürur və fəxr hissi ilə dərindən öyrənməli, bu şanlı qələbədə imzası olan qəhrəman oğulları yaxşı tanımalı, onları özlərinə nümunə götürməlidirlər.
Çıxış edən müəllimlər isə bildiriblər ki, bundan sonra da Vətənimizə və dövlətinə sədaqətli gənclik yetişdirmək üçün əllərindən gələni əsirgəməyəcəklər.
Görüşlərdə həmçinin məktəblilərin sualları cavablandırılıb.
Zəfər Günü ərəfəsində Daşkəsənin ümumtəhsil müəssisələrində Vətən müharibəsi iştirakçıları ilə şagirdlərin görüşləri davam edəcəkdir.