Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ “31 MART – AZƏRBAYCANLILARIN SOYQIRIMINA SİYASİ QİYMƏT VERİLMƏSİNDƏ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN TARİXİ ROLU” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLİB

31 mart 2023 | 15:13

Martın 31-də Daşkəsən Rayon İcra Hakimiyyətində ictimaiyyət nümayəndələrinin də iştirakı ilə keçirilən dəyirmi masada tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin, soyqırım qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini Vüqar Məmmədov məruzə ilə çıxış edərək deyib:

- 200 ilə yaxın müddətdir, erməni daşnaklarının Azərbaycan xalqına, Türk dünyasına qarşı soyqırımı siyasəti davam edir. Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Dənizdən-dənizə böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı dəfələrlə etnik təmizləmə siyasəti həyata keçirmiş, əzəli torpaqlarımızı qəsb etməyi özlərinin məqsədlərinə çevirmişlər.

Bu soyqırımı hadisələrinin ən dəhşətlilərindən biri də daşnak-bolşevik silahlı dəstələri tərəfindən 1918-ci ilin mart-aprel aylarında qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. 1918-ci ildə Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində minlərlə dinc azərbaycanlı əhalini yalnız milli mənsubiyyətinə görə məhv etmiş, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmışlar.  Mart qırğınları zamanı təkcə üç gün ərzində yüzlərlə şəhər və kəndimiz, o cümlədən Qarabağ ərazisində azərbaycanlıların yaşadıqları 150-dən çox, Zəngəzurda 115, İrəvan quberniyasında isə 211 kənd xarabalığa çevrilmişdir. Ermənilər evlərə od vurub, insanları diri-diri yandırmışlar. 

Tarixin səhifələri vərəqləndikcə yeni-yeni faktlar, erməni vəhşiliyinin tükürpərdən səhnələri üzə çıxır. Ermənilərin silahlı hücumu nəticəsində 1918-ci ilin ilk beş ayı ərzində Quba qəzasında isə 16 mindən çox insan xüsusi qəddarlıqla qətlə yetirilmiş, 167 kənd dağıdılmışdır. 2007-ci ildə Quba şəhərində kütləvi məzarlıqlar aşkar edilmişdir. Erməni hərbi birləşmələri Amazaspın rəhbərliyi ilə Qubada türk-müsəlman əhalisi ilə yanaşı, yəhudilərə qarşı da qırğınlar törətmişlər. Aparılan tədqiqatlar nəticəsində 1918-1919-cu illərdə Qubada ermənilər tərəfindən 3 min nəfərə qədər yəhudinin qətlə yetirildiyi məlum olub.

Ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasəti müasir dövrümüzdə də davam etdirmişdir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində daha bir dəhşətli soyqırımı törədilmişdir. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilmiş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir.  Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanmışdır. 1275 nəfər əsir götürülmüşdür. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Bu dəhşətli soyqırım aktına yalnız Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdikdən sonra Ümummilli Lider Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilmişdir. Ulu Öndərin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 31 mart hər il Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd edilir. Bununla yanaşı, Heydər Əliyevin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 1997-ci il 18 dekabr tarixli Fərmanı da Ermənistan SSR ərazisindən azərbaycanlıların deportasiyasının hərtərəfli tədqiq edilməsi, bu cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu fərmanlar təkcə tariximizin qanlı səhifələrinin öyrənilməsi və yaddaşlarda həkk olunması deyil, eləcə də erməni şovinizmi və terrorizminin ifşa olunması baxımından da əhəmiyyətlidir.

Azərbaycanlılara qarşı törədilən bu bəşəri cinayət barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması Ulu Öndər Heydər Əliyevin siyasi varisi Prezidentimiz cənab İlham Əliyevin hər zaman diqqət mərkəzindədir. Belə ki, bu məqsədilə Azərbaycan Prezidenti cənab İlham Əliyev 2018-ci ildə 1918-ci il 31 mart soyqırımın 100 illiyi ərəfəsində Sərəncam imzalamışdır. Bu məqsədlə xüsusi Tədbirlər Planı hazırlanaraq həyata keçirilmişdir.

Ermənilərin tarix boyu xalqımıza qarşı törətdikləri bütün cinayətlərin cavabı 2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində verildi. 200 ildən çoxdur ermənilərin törətdikləri vəhşiliklərin, şəhidlərimizin qısasını Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu döyüş meydanında aldı. Ermənistanın 30 il davam edən işğalına son qoyuldu, ölkəmizin ərazi bütövlüyü bərpa edildi.

Digər çıxış edənlər də bildiriblər ki, bütövlükdə  XX əsr ərzində 2 milyona yaxın azərbaycanlı ermənilərin deportasiya və soyqırımı siyasətinin ağır nəticələrini öz üzərində hiss etmişdir.  Ən müxtəlif üsul və vasitələrdən istifadə edən erməni şovinistləri dünya ictimai fikrini çaşdırır, Azərbaycanın və bütün Qafqazın tarixini saxtalaşdırır, azərbaycanlılara qarşı kəskin mənəvi təcavüz kampaniyası aparır, dünya ictimaiyyətinin  nəzərində “əzabkeş, məzlum erməni xalqı” obrazı yaradılır.

Sonda soyqırımın tarixi ilə bağlı  video çarx nümayiş olunub.

 

Elmar Əliyev – Vüqarlı

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

 

 

Keçidlər