Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə 27 sentyabr - Anım Günü mərasimi keçirilib.

27 sentyabr 2023 | 14:22

Daşkəsəndə 27 sentyabr - Anım Günü münasibətilə rayon ictimaiyyətinin mindən çox nümayəndəsinin iştirakı ilə rayon Şəhidlər xiyabanında ümumrayon anım mərasimi keçirilib.

Daşkəsən Rayon İcra Hakimiyyətinin adından Şəhidlər xiyabanındakı əbədi məşəlin önünə əklil qoyulub.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov ümumrayon anım tədbirində çıxış edərək dərin məzmunlu nitq söyləyib.

O, çıxışında deyib:

Əziz şəhid ataları, əziz şəhid anaları, qazilər, veteranlar və 27 sentyabr - Anım Günü mərasiminin iştirakçıları!

Azərbaycan xalqı hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun Ermənistanın ardıcıl təxribatlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşü qələbə ilə başa çatdı. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu istehkamlarını, silahlı qüvvələrini darmadağın etdi, uzun illər işğal altında qalan torpaqlarımızı azad etdi, Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa çıxış yolu qalmadı.

Erməni işğalçılarına qarşı döyüşmək üçün minlərlə gənc könüllü müraciət edərək cəbhəyə yollandılar. Arxa cəbhədə olanlar həmrəylik göstərərək öz əməlləri ilə ön cəbhədə vuruşanlara əllərindən gələn köməyi əsirgəmədilər, hər cür maddi və mənəvi dəstək verdilər.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız bir amal, bir məqsəd uğrunda Ali Baş Komandanın ətrafında dəmir yumruq kimi birləşdi.

Bütün bunlar bir daha onu göstərdi ki, vətənin ümumi maraqları, Azərbaycan xalqının birliyi hər bir vətəndaş üçün bütün arzu və istəklərdən öndə dayanır. 44 gün ərzində Azərbaycan xalqı öz əzmi ilə bütün dünyaya, sözün həqiqi mənasında, birlik və həmrəyliyini, vətənpərvərliyini nümayiş etdirdi.

Ermənistanla 44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı  və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir. Noyabrın 10-da imzalanan üçtərəfli müqaviləyə əsasən, 2020-ci il noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonları azad edilmişdir.

Bu Qələbə tarixdə əbədi qalacaq. Biz Qələbə Paradı keçirmiş bir xalqıq. Məhv edilmiş düşmən texnikaları, Şuşa şəhərinin girişində düşmənin qalibiyyət simvolu sayılan tank bu gün bizim Hərbi Qənimətlər Parkında nümayiş olunur. İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir.

Azərbaycan Respublikasının möhtərəm Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev hər zaman çıxış və müsahibələrində açıq mesajlar verirdi ki, sülh danışıqları heç bir nəticə verməsə, biz öz torpaqlarımızı nəyin bahasına olur-olsun işğaldan azad edəcəyik.

Rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında böyük şücaət göstərib işğal olunmuş torpaqlarımızı düşməndən təmizləyərək Azərbaycanın ərazi bütövlüyünü təmin etməyi bacardı.

Lakin Vətən müharibəsinin yaratdığı reallıq işğalçı tərəfə dərs olmadı. Əgər erməni millətçiliyinin yaratdığı xəstə təxəyyül olmasaydı işğalçı Ermənistan 2020-ci il 10 noyabr  tarixli üçtərəfli bəyannamənin şərtlərinə əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirər və Azərbaycanı növbəti hərbi tədbirə- təxminən 24 saatlıq lokal xarakterli antiterror tədbirinə məcbur etməzdi. 2023-cü ilin sentyabrın 19-da başlanan antiterror tədbiri əslində 44 günlük Vətən müharibəsinin davamı kimi də xarakterizə oluna bilər. Prezident cənab İlham Əliyevin nəyi nə vaxt etmək barədə siyasi fəlsəfi məzmunlu açıqlaması vaxtında verilən düzgün siyasi qərar və onun mükəmməl icrası arasında sarsılmaz vəhdət təşkil edir. 44 günlük Vətən müharibəsində olduğu kimi bir sutkalıq lokal xarakterli antiterror tədbiri də beynəlxalq hüquqa uyğun olaraq zamanında başladı və uğurla sona çatdırıldı. Vaxtında verilən qətiyyətli hərbi-siyasi qərarların mükəmməl icrası sayəsində Azərbaycanın ərazi bütövlüyü və Konstitusiya quruluşu tam bərpa edildi. 2023-cü ildə dövlətçilik tariximizə qızıl hərflərlə yazılan antiterror tədbiri isə Ermənistanın himayədarlarına və Xankəndindəki separatçı rejimə növbəti sarsıdıcı zərbəni vurdu. Beynəlxalq hüquqa arxalanan antiterror tədbirləri nəticəsində Azərbaycan qarşıya qoyulan bütün hədəflərə nail oldu. Bütün kommunikasiyalar, yollar, yüksəkliklər nəzarətə götürüldü. Artıq ən qısa zamanda Qarabağ iqtisadi bölgəsinin bütün ərazisində Azərbaycan qanunları bərqərar olunacaq, siyasi hakimiyyətin fəaliyyəti təmin ediləcək, Qarabağın hər bir kəndində, hər bir şəhərində üçrəngli müqəddəs Azərbaycan bayrağı əzəmətlə dalğalanacaqdır.

Əgər üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində işğala son qoyulmuşdusa, bu il aprelin 23-də - Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qurmaqla ərazi bütövlüyümüz tam bərpa edildi. 20 Sentyabr 2023-cü il tarixdə isə Azərbaycan öz suverenliyini tam təmin etdi.

Bu gün qalib, güclü bir dövlətin vətəndaşı olmaq həqiqətən də qürurvericidir. İllərdir, xəyallarını qurduğumuz an gerçəkləşib, otuz illik həsrət artıq sona çatıb, Azərbaycan xalqı öz doğma torpaqlarına qovuşub. Hər il bayramlarımızı Şuşada, Laçında və digər işğaldan azad olunmuş torpaqlarda qeyd etmək arzusu ilə yaşayırdıq. 

Əslində antiterror tədbirləri başa çatdıqdan sonra proseslərin hansı istiqamətdə irəliləyəcəyinin anonsunu Prezident, Ali Baş Komandan cənab İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində açıqladı. Azərbaycan Prezidentinin də vurğuladığı kimi - ...bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt unutmasınlar ki,  “dəmir yumruq” yerindədir və hər zaman yerində olacaq!

Əziz mərasim iştirakçıları!

Bu qalibiyyət günlərini bizlərə yaşadan şəhidlərimizə uca Allahdan rəhmət, qazilərimizə şəfa diləyir, qəhrəman əsgər və zabitlərimizə, Ali Baş Komandanımıza möhkəm can sağlığı və dərin minnətdarlığımızı bildiririk.

Eşq olsun Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə!

Eşq olsun Qalib Rəşadətli Azərbaycan Ordusuna!

Yaşasın Azərbaycan!

Qarabağ Azərbaycandır!

Sonra rayon rəhbərliyi, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və müharibə veteranları, ictimaiyyət nümayəndələri tərəfindən şəhid məzarları ziyarət olunub, şəhid qəbirlərinin üzərinə gül dəstələri düzülüb.

Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov ümumrayon anım tədbirində şəhid ailələri, müharibə əlilləri, rayon ağsaqqalları və veteranları ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.

Anım mərasimi iştirakçıları üçün Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ehsan süfrəsi açılmışdır.  Saat 12-00-da bir dəqiqəlik süküt elan olunub, sonra şəhid ailələri ilə birlikdə ağacəkmə aksiyası keçirilib.

Keçidlər