Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ 1 MART – ÜMUMDÜNYA MÜLKİ MÜDAFİƏ GÜNÜ İLƏ BAĞLI NƏZƏRİ-PRAKTİK TƏDBİR KEÇİRİLİB

01 mart 2023 | 17:53

Martın 1-də Daşkəsən Rayon İcra Hakimiyyəti “AzerGold” QSC ilə birgə  Çovdar filiz emalı sahəsində Ümumdünya Mülki Müdafiə Günü münasibətilə “Risklərin qiymətləndirilməsində informasiya texnologiyalarının rolu”  mövzusunda ümumrayon tədbiri keçirib.

Tədbirdə Daşkəsən RİHB-nin yanında rayon fövqəladə hallar komissiyasının sədr müavini Elmar Əliyev, “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini Oqtay Məmmədov, Qızıl Aypara Cəmiyyətinin rayon nümayəndəsi Vasif Hüseynov, Daşkəsən rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin direktoru Mirzəkərim Tağıyev, Daşkəsən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini Uğur Ələkbərov, Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin əməkdaşları, habelə rayonun mülki müdafiə xidmətlərinin rəisləri iştirak ediblər.

Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi anılıb.

Giriş nitqi ilə çıxış edən “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini Oqtay Məmmədov bildirib ki, Çovdar filiz emalı sahəsində hər il keçirilən Ümumdünya Mülki Müdafiə Gününün məqsədi mülki müdafiə və fövqəladə hallardan mühafizə sahəsində işçilərin hazırlığı və maarifləndirilməsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, baş verə biləcək fövqəladə hallar zamanı düzgün davranış qaydaları barədə vərdişlərin aşılanması, diqqətin fövqəladə hallardan qorunma və mülki müdafiənin təşkili məsələlərinə yönəldilməsidir.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı, rayonun mülki müdafiə qərargahının rəhbəri Əhəd Abıyevin adından salam və təbrikləri çatdırdıqdan sonra RİHBA-nın məsul işçisi Elmar Əliyev Prezident cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində mütəmadi olaraq lazımi tədbirlər görüldüyünü qeyd edib, rayonda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülmüş işlərdən, qarşıda duran vəzifələrdən söz açıb.

Səsləndirilən çıxışlarda sülh və müharibə dövründə insanların təhlükəsizliyinin təmin edilməsi sahəsində mülki müdafiənin rolu, quruluşu, məqsədi və vəzifələri haqqında danışılıb, mülki müdafiə sahəsində hər bir vətəndaşın maarifləndirilməsinin vacibliyi vurğulanıb.

Sonra fərdi mühafizə vasitələrinin və kimyəvi ölçü cihazlarının sərgisinə baxış keçirilib. 

Tədbirin praktik hissəsində şərti “Yanğın” həyəcan siqnalı verilərək yanğın avtomobili cəlb edilməklə, yanğın su hovuzlarının və hidrantların vəziyyəti, eləcə də yanğın avtomobillərinin su mənbələrinə yaxınlaşa bilməsi və ümumilikdə ərazidəki yanğına qarşı əməliyyat şəraiti qiymətləndirilib. Xilasediciləri tərəfindən işçilər təxliyə olunub, “yaralılar”a ilkin tibbi yardım göstərilib.

Sonda rayonun mülki müdafiə sahəsində fərqlənən bir qrup şəxsə “AzerGold” QSC tərəfindən hədiyyələr təqdim olunub.

 

Elmar Əliyev – Vüqarlı

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər