Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏN ŞƏHƏRİNDƏ QANUNSUZ KÜÇƏ TİCARƏTİ İLƏ BAĞLI REYD KEÇİRİLİB, MAARİFLƏNDİRİCİ SÖHBƏTLƏR APARILIB, ƏRAZİDƏ SƏLİQƏ-SAHMAN BƏRPA EDİLİB

15 iyul 2023 | 13:13

Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün şəhər və rayonlarında olduğu kimi Daşkəsən rayonunda da aparılan tikinti-quruculuq və abadlıq işləri nəticəsində Daşkəsən şəhəri, qəsəbə və hətta ən ucqar kəndlər belə gözəlləşib. Bununla yanaşı rayonda mütəmadi olaraq əhalinin məşğulluğunu təmin edən yeni iş yerləri açılır, insanların firavan yaşayışı və qanunamüvafiq fəaliyyəti üçün hər cür şərait yaradılır. 

Təəssüflər olsun ki, son vaxtlar əsasən Daşkəsən şəhərinin ərazisində qanunsuz küçə ticarəti ilə məşğul olanların sayı getdikcə artır, bu isə şəhərin gözəlliyinə, imicinə xələl gətirir. Eyni zamanda, ticarətin sonunda  (axşam vaxtı) qalmış zir-zibillər, xarab olmuş meyvə-tərəvəzlər  satıcılar tərəfindən yığışdırılmır, qalıb antisanitariya və virus mənbəyinə çevrilir.

Daşkəsən şəhərinin mərkəzində sakinlərin gediş-gəlişinə, şəhər nəqliyyatının hərəkətinə mane olan yerlərdə, səkilərdə aparılan küçə ticarəti sakinlərin haqlı olaraq böyük narazılığına səbəb olur. Qanunsuz küçə ticarətinin qarşısının alınması üçün Daşkəsən Rayon İcra Hakimiyyətinin rəhbərliyi aidiyyəti qurumlarla mütəmadi tədbirlər görür.

İqtisadiyyat Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin tapşırığına əsasən iyulun 15-də Daşkəsən Rayon İcra Hakimiyyətinin Qida Təhlükəsizliyi Agentliyi ilə birgə qanunsuz küçə ticarətinə qarşı keçirdiyi reyd Daşkəsən şəhərinin müxtəlif ərazilərini, o cümlədən mərkəzi hissəsini əhatə edib. Daşkəsən şəhərinin mərkəzi olan Heydər Əliyev prospekti boyunca davam edən reyd zamanı qanunsuz küçə ticarəti ilə məşğul olanlara ciddi xəbərdarlıq edilib, maarifləndirici söhbətlər aparılıb, onlar ərazidən uzaqlaşdırılıb və səliqə-sahman yaradılıb. Yalnız müəyyən olunmuş yerlərdə ticarətlə məşğul olmaları bir daha diqqətə çatdırılıb.

Keçirilən reyd sakinlər tərəfindən böyük rəğbətlə qarşılanıb. Belə ki, sakinlər də səkilərdə, gediş-gəliş çox olan yerlərdə, vətəndaşların və nəqliyyatın hərəkətinə mane olan ərazilərdə, yol kənarında satılan mənşəyi məlum olmayan ərzaq məhsullarının antisanitar vəziyyət yaratdığını bildirməklə, şəhərin ümumi görünüşünə, yaraşıqlı tərtibatına və gözəlliyinə xələl gətirdiyini  xüsusi qeyd ediblər. Reyd zamanı qanunsuz küçə ticarəti ilə məşğul olanlara İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib və bu kimi halların bir daha təkrarlanmaması üçün Daşkəsən şəhər icra nümayəndəliyinə, Daşkəsən Rayon Polis Şöbəsinə, Daşkəsən şəhər bələdiyyəsinə tapşırıq verilib, xəbərdarlıq olunub.

Reydlər bundan sonra da davam etdiriləcəkdir.

 

Elmar Əliyev – Vüqarlı

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər