DAŞKƏSƏN RAYONUNUN ƏKİN SAHƏLƏRİNDƏN BU İL YÜKSƏK MƏHSULDARLIQ GÖZLƏNİLİR
Müxtəlif və mürəkkəb relyefi olan Daşkəsən rayonu dağlıq ərazidə yerləşdiyindən burada əhali əkinçiliyin inkişaf etdirilməsi üçün təbiətin yaratdığı çətinliklərlə tez-tez üzləşməli olur. Rayonda bütün məhsulların becərilməsi rentabelli olmadığı üçün yerli şəraitə uyğun itkisiz əkinçiliyin və yüksək ixtisaslaşmış təsərrüfatların yaradılması günün tələbidir. Odur ki, Daşkəsəndə əkinçiliyin ixtisaslaşmış sahələri kartofçuluq, tərəvəzçilik və qismən taxılçılıqdır. Əkilən bitkilər əsasən dəmyə şəraitində yetişdirilir.
Respublikamızda olduğu kimi, rayonumuzda da bu gün qarşıda duran əsas məqsəd iri kənd təsərrüfatı müəssisələri yaratmaq, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsulları istehsal etmək və məhsuldarlığı artırmaqdır.
2004-cü ildən uğurla həyata keçirilən və regionların sosial-iqtisadi inkişafını özündə əks etdirən müvafiq Dövlət Proqramları Azərbaycanda kənd təsərrüfatının inkişafının yeni mərhələyə qədəm qoymasında əsaslı rol oynamışdır. Dövlət başçısı cənab İlham Əliyevin müvafiq fərman və sərəncamları, eləcə də adıçəkilən regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramlarının uğurla icrası kənd təsərrüfatının da dinamik inkişafını təmin etməklə yanaşı, bölgələrimizdə əsaslı tədbirlərin görülməsinə, yeni əkin sahələrinin salınmasına, ərzaq təhlükəsizliyimizin təminatına və ekoloji təmiz məhsulların yetişdirilməsinə şərait yaratmışdır. Göstərilən çoxşaxəli dəstək mexanizmləri, verilən subsidiyalar fermerlərin marağını artırmış, ildən-ilə əkin sahələri genişlənmişdir.
Son aylar Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzində vaxtında aparılmış səmərəli kadr dəyişikliyi və Mərkəzin rəhbərliyinə bu sahəni dərindən bilən aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Rahil Həsənovun təyin edilməsi Daşkəsən rayonunda son illər tənəzzülə uğramaq həddinə çatan kənd təsərrüfatının inkişaf etdirilməsinə, yeni təsərrüfatların yaradılmasına, bu sahədə münasibətlərin sağlamlaşdırılmasına böyük inam yaratmışdır.
Yerli iqlim şəraiti ilə əlaqədar Daşkəsəndə bu il də əkin işlərinə aprel ayından başlanmışdır. İlkin proqnozlara əsasən, ümumilikdə 1000 hektardan artıq sahədən məhsul toplanması gözlənilir. Bunun 605 hektarını yazlıq və payızlıq dənli bitkilər, 349 hektarını kartof, 38 hektarını isə tərəvəz bitkiləri təşkil edir. Əkin işləri aqrotexniki qaydalara uyğun görülür. Eyni zamanda rayonun kənd təsərrüfatı məhsulları istehsalçıları arasında kooperativ təsərrüfatçılığın üstünlükləri barədə təbliğat və maarifləndirmə işləri davam etdirilir.
Onu da qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin “Bitkiçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2015-ci il 15 aprel tarixli Sərəncamına əsasən, əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə verilən yardımlardan, habelə mineral gübrələrin güzəştlə satılmasına görə ayrılan subsidiyalardan əkinçilərin yararlanması təmin olunur.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini