Daşkəsən rayonunun Bayan kəndində xalçaçılığın inkişafının dəstəklənməsi və xalça istehsalı sahələrinin yaradılmasının təşviqi ilə bağlı görüş keçirilmişdir.
“Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın 7.1.26-cı bəndinin icrası ilə əlaqədar –xalçaçılığın inkişafının dəstəklənməsi, o cümlədən xammal təminatının və xalça istehsalı sahələrinin yaradılması ilə bağlı tədbirlərin davam etdirilməsi məqsədilə Daşkəsən rayonunun Bayan kəndində bu sahədə bacarığı və marağı olan bir qrup sakinlə görüş keçirilmişdir.
Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin böyük məsləhətçiləri Ayaz Allahyarov və Elmin Paşayev, Gəncə-Daşkəsən Regional Məşğulluq filialının Daşkəsən rayon xidmət şöbəsinin baş mütəxəssisi Elvin Verdiyev, Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndəsi Yaşar Məhərrəmov və digər şəxslər iştirak edib.
Tədbirdə xalçaçılığın inkişafının dəstəklənməsi, o cümlədən xammal təminatının və xalça istehsalı sahələrinin təkmilləşdirilməsi barədə maarifləndirici söhbətlər aparılmış, sakinlərin təklifləri və müraciətləri dinlənilmişdir.
Tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır ki, ölkəmizdə Prezident cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində xalçaçılığın şöhrətinin geri qaytarılması bir tərəfdən bölgələrdə əlaqəli sahələrin inkişafına təkan verir, digər tərəfdən isə fəal məşğul əhalinin, ələlxüsus da qadınların iş yerləri ilə təmin olunmasında mühüm rol oynayır.