DAŞKƏSƏN RAYONUNDA ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ ŞEİR MÜSABİQƏSİ KEÇİRİLİB
Aprelin 18-də Daşkəsən Rayon İcra Hakimiyyətinin və Daşkəsən rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində təsdiq olunmuş Tədbirlər Planına əsasən ümumtəhsil məktəblərinin şagirdləri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş şeir müsabiqəsi keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərkəzin direktoru Mətanət Abdullayeva giriş nitqində bildirib ki, müsabiqənin keçirilməsində məqsəd müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət, qüdrətli dövlət xadimi Heydər Əliyevin ölkəmizin müstəqilliyinin qorunmasında, Vətənimiz və xalqımız qarşısında misilsiz xidmətlərini gənclərə aşılamaq, habelə onların asudə vaxtlarını səmərəli təşkil etmək və istedadlı gəncləri üzə çıxarmaqdan ibarətdir.
Mətanət Abdullayeva çıxışında qeyd edib ki, Ümummilli Liderimiz Heydər Əliyevin zəngin dövlətçilik irsi xalqımızın inkişaf yoluna daim nur çiləyir. Heç şübhəsiz ki, gələcək nəsillər də bu dühanın aydın, parlaq ideyalarından qidalanaraq Azərbaycan Respublikasının müstəqilliyini əbədi edəcək, dünya birliyində dövlətimizin mövqeyini daha da möhkəmləndirəcəklər. Ulu Öndər Heydər Əliyev dünya siyasətində özünəməxsus yeri və nüfuzu olan mütəfəkkir xadim kimi canından artıq sevdiyi Azərbaycanın beynəlxalq aləmdə söz sahibinə çevrilməsi üçün mümkün olan hər şeyi etdi, ölkəmizin bir çoxlarına nümunə ola biləcək yeni nəsil dövlət modelinin əsasını qoydu. Bu gün Heydər Əliyevin siyasi varisi, Onun müəllifi olduğu dövlətçilik modelini inkişaf etdirən İlham Əliyev dövlət başçısı, lider kimi siyasi meydanda tək deyil. Heydər Əliyevin dövründə olduğu kimi xalq öz lideri İlham Əliyevin yürütdüyü siyasətin, ölkədə gedən ictimai-siyasi və sosial-iqtisadi proseslərin bərabərhüquqlu iştirakçısıdır. Liderlə xalqımızı birləşdirən isə Ulu Öndərin müəyyənləşdirdiyi yol, onun əsasında dayanan azərbaycançılıq ideologiyasıdır.
Sonra müsabiqəyə start verilib. Rayon məktəblilərinin iştirak etdiyi müsabiqədə Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş şeirlər səsləndirilib. Müsabiqə iştirakçılarının söylədiyi şeirlər münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Müsabiqədə qalib gələn şagirdlər fəxri fərmanlarla təltif ediliblər.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini