Daşkəsən rayonunda SOCAR “Azəriqaz” İB-nin növbəti “Açıq mikrofon” aksiyası keçirilib
Daşkəsən rayonunun Aşağı Daşkəsən kəndi SOCAR “Azəriqaz” İB tərəfindən yeni qazlaşdırılan yaşayış məntəqələrindən biridir. Bu səbəbdən adıçəkilən kənddə təşkil olunan “Səyyar qəbul otağı”na qatılan sakinlər müraciətlərinə başlamamışdan öncə yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı görülən işlərə görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər. Daha sonra qaz təchizatında yaşanan problemlərdən söz açılıb.
Kənd sakini Elnur Allahverdiyev qaz xəttinin yerinin dəyişdirilməsini xahiş etmiş, Eldar Süleymanov təbii qaza tətbiq olunan limitin artırılması təklifini irəli sürüb. Səbəb kimi yaşadıqları kəndin dağlıq ərazidə yerləşməsi və bu baxımdan havanın temperaturunun daha tez aşağı düşməsi göstərilib. Bu da öz növbəsində mavi yanacağa olan tələbatın artması deməkdir.
Birlik rəsmisi bu müraciətə cavab olaraq abonentə bildirib ki, "Azəriqaz” İstehsalat Birliyi ölkə daxilində qazın pərakəndə satışı xidmətini həyata keçirir və xidmət sahəsi olaraq təsdiq olunan qaydalara əsaslanır. Bu baxımdan tarif və limitin müəyyən edilməsi kimi səlahiyyətə malik deyil.
Bütün müraciətlər dinlənilib qeydə alındıqdan sonra Şəmkir RQİİ-nin rəhbər şəxsləri tərəfindən vətəndaşlara səsləndirdikləri müraciətlər barədə ətraflı izahat verilib.