DAŞKƏSƏN RAYONUNDA SAHİBSİZ HEYVANLARIN SAĞLAMLIĞI NƏZARƏTDƏ SAXLANILIR
Son vaxtlar rayon ərazisində sahibsiz itlərin çoxalması müşahidə edilir. Hətta şəhərin mərkəzi küçələrində, binaların həyətlərində sahibsiz itləri görmək adi hala çevrilib. Bu da vətəndaşların haqlı olaraq narahatlığına səbəb olur. Xüsusilə valideynlər övladlarının təhlükə ilə üz-üzə qalmasından narahatdırlar. Sahibsiz itlərdən nəinki məktəbə gedən, çölə-bayıra çıxan uşaqlar qorxurlar, böyüklər belə çəkinirlər. Dəstə şəkildə və gecə vaxtı küçə itləri daha təhlükəli və aqressiv olurlar.
Əsasən yay mövsümündə rayon ərazisinə mal-qarasını və xırdabuynuzlu davarlarını otarmağa gələn təsərrüfat sahibləri tərəfindən qışlama ərazilərinə qayıdarkən yaşlı və xəstə qapı heyvanlarının atılaraq gedilməsi müşahidə olunur. Bu cür hallara yol verilməməsi üçün rayonun hüquq-mühafizə orqanlarının əməkdaşlarının, icra nümayəndələrinin, bələdiyyələrin, həmkarlar təşkilatlarının, İctimai Şuranın və Ağsaqqallar Şurasının üzvlərindən ibarət qruplar yaradılaraq kənd sakinləri və fermerlərlə profilaktik söhbətlər aparılır, mütəmadi görüşlər keçirilir.
Qarşılaşdığımız sahibsiz itlər quduzluq, ya da digər yoluxucu xəstəliklərin daşıyıcısı ola bilər. Bunun qarşısını almaq üçün əvvəllər onları elə insanların gözü önündəcə güllələyir, öldürürdülər. Lakin məlum olduğu kimi Azərbaycan 1997-ci ildə Strasburqda "Heyvanların Mühafizəsi" ilə bağlı Avropa Konvensiyasına qoşulub, 2007-ci ildə ölkəmizdə "Heyvanların mühafizəsi haqqında" Qanun qəbul olunub. Qanuna əsasən, heyvanları öldürən və yaxud onlarla qəddar rəftar edib şikəst edən şəxslər İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsinə əsasən cərimə olunurlar.
Sahibsiz heyvanlarla bağlı problemləri aradan qaldırmaq üçün IDEA Heyvanlara Qayğı Mərkəzinin (IACC) təməli 2014-cü ilin oktyabr ayında Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva tərəfindən qoyulmuşdur. Mərkəzin baytarlıq klinikası həm küçə, həm də sahibli heyvanlara xidmət göstərir. Küçə heyvanları üçün bütün xidmətlər tamamilə pulsuzdur. IACC-nin CVNR (tut-peynəndlə-axtala-burax) proqramı üzrə Mərkəzdə heyvanların tutulması üzrə xüsusi təlim keçmiş mobil qrup fəaliyyət göstərir. Sterilizasiya edilmiş və peyvəndlənmiş itlərin qulaqlarına nömrələnmiş birkalar vurulur, pişiklər isə qulağın ucunun kəsilməsi ilə işarələnir.
Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən məktubla “İDEA” Heyvanlara Qayğı Mərkəzi İctimai Birliyinin İcraçı direktoru cənab Surxay Şükürova Azərbaycan Respublikası Prezidentinin 29.04.2019-cu il tarixli 1143 nömrəli Sərəncamı ilə təsdiq olmuş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın 10.7.8-ci bəndində sahibsiz heyvanların sağlamlığına nəzarət mexanizminin yaradılmasının tapşırıldığı barədə məlumat verilmişdir.
Tapşırığın icrası ilə bağlı “İDEA” Heyvanlara Qayğı Mərkəzi tərəfindən Daşkəsən rayonu ərazisində olan sahibsiz heyvanların sterilizasiyası, xəstəliklərinin qarşısının alınması məqsədilə peyvəndlənərək qısırlaşdırılmasına kömək göstərilməsi xahiş olunmuş və müsbət cavab alınmışdır.
Rayon Kommunal Müəssisələri Kombinatının işçiləri və rayon heyvan sağlamlığı və baytarlıq xidməti idarəsinin baytar həkimləri tərəfindən qapı itlərində və tutulmuş sahibsiz heyvanlarda peyvəndlənmə həyata keçirilir.
Daşkəsən rayonu Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsi tərəfindən rayon ərazisində heyvan xəstəliklərinin qarşısının alınması və baytarlıq-sanitariya xidmətlərinin göstərilməsi məqsədilə mütəmadi olaraq quduzluq xəstəliyinə qarşı oral immunizasiya işləri aparılır, meşəlik ərazilərə dərmanlar səpilir. Cari ilin ötən dövrü ərzində 852 it peyvənd olunmuşdur.
Daşkəsən rayonu Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsində heyvanların dezinfeksiya və dezinseksiya işləri üçün zəruri avadanlıqlar və mütəxəssislər mövcuddur. Ərazidə olan sahibsiz heyvanların sağlamlığına nəzarət mütəmadi olaraq diqqətdə saxlanılır. Bu sahədə vətəndaşlar tərəfindən daxil olan müraciətlərə həssaslıqla yanaşılır.
Sahibsiz heyvanlarla mübarizə aparmaq üçün rayon ərazisində xüsusi sığınacaqların yaradılması məqsədilə rayonda fəaliyyət göstərən sahibkarlarla və heyvansevərlərlə əlaqələr qurulması istiqamətində işlər aparılır. Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Epizootiya əleyhinə fövqəladə komissiya və İctimai Şura tərəfindən məsələlərin icrası nəzarətdə saxlanılır.
Daşkəsən rayonu Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsi cari ilin ilk günlərindən başlayaraq “Epizootiya əleyhinə diaqnostika və profilaktik tədbirlər planı”na uyğun rayon ərazisində saxlanılan heyvanlar və quşlar arasında profilaktik peyvəndləmə tədbirləri və diaqnostik müayinələrin icrasına start verib. Hazırda rayonda fəaliyyət göstərən baytar həkimləri brusellyozun müayinəsi üçün iribuynuzlu heyvanlardan qan alaraq qarayara xəstəliyinə qarşı peyvəndləmə aparır, eləcə də sahibli qapı itlərində quduzluğa qarşı vaksinasiya tədbirlərini həyata keçirirlər. Tədbirlər yekunlaşdıqdan sonra ərazi dezinfeksiya edilir.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini