Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonunda “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda dəyirmi masa ətrafında görüş keçirilib.

17 avqust 2023 | 18:23

Görüşdə Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov, RİH-in məsul şəxsləri, YAP rayon təşkilatının və rayon Ağsaqqallar şurasının sədrləri, mədəniyyət və təhsil işçiləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Görüş iştirakçıları tərəfindən ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.

Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov çıxışında qeyd etmişdir ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin genişmiqyaslı siyasi-ideoloji fəaliyyətində dil siyasəti çox mühüm yer tutub, milli dövlət quruculuğunun tərkib hissəsi olaraq bütöv bir sistem təşkil edib.

Ulu Öndər Heydər Əliyevin doğma dilimizdə dahiyanə nitq mədəniyyəti ilə hamıya nümunə göstərməsi, hələ sovet dövründə, mərkəzin qadağalarına baxmayaraq, dilimizin dövlət dili statusu alması, Azərbaycan dilçi alimlərinin yüksək dövlət mükafatlarına layiq görülərək daha böyük tədqiqat işlərinə ruhlandırılması Azərbaycan dilçiliyinin sürətli inkişafında müstəsna rol oynayıb.

Azərbaycan müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi ana dilimizin hərtərəfli inkişaf etdirilməsi sahəsində də Ümummilli Lider Heydər Əliyev tərəfindən böyük işlər həyata keçirilib, 1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biri olaraq təsbit edilib, Azərbaycan dilinin siyasi hüquqi statusunun möhkəmləndirilməsi istiqamətində bir sıra Fərman və Sərəncamlar verilib. Ümummilli Liderin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən avqust ayının 1-i “Azərbaycan əlifbası və Azərbaycan dili” günü kimi təsis edilib.

Bu gün müstəqil ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Ulu Öndər Heydər Əliyevin dövlət dili siyasəti çox uğurla davam etdirilir. Bu sahədə möhtərəm Prezidentimizin rəhbərliyi ilə həyata keçirilən tədbirlər, dilimizin inkişafı və qorunması üçün münbit qanunvericilik bazasınının daha da möhkəmləndirməsi naminə qəbul olunan qərarlar müstəsna əhəmiyyətə malikdir. Ölkə rəhbərinin Azərbaycan dilinin qloballaşma şəraitində qorunması və hərtərəfli inkişafı istiqamətində atdığı addımlar Azərbaycan dilçiləri ailəsi, ümumilikdə, Azərbaycan ziyalıları tərəfindən minnətdarlıqla qarşılanır.

Əməkdar müəllim Duman Mahmudova, YAP rayon təşkilatının sədri Meydanəli Yolçiyev, rayon Ağsaqqallar şurasının sədri Cavanşir Qocayev, İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin direktoru Sevil Ələsgərova və digər çıxış edənlər Azərbaycan dilinin tarixindən, zənginliyindən ətraflı bəhs edərək, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində həyata keçirdiyi müstəsna xidmətlərində söhbət açıb. Azərbaycan dilinin inkişafı, onun tətbiqi sahəsinin genişləndirilməsi dilimizin saflığı, təmizliyi istiqamətində Ulu Öndərin yerinə yetirdiyi siyasətin bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd ediblər.

Heydər Əliyevin siyasi və milli-mənəvi irsinin bir çox istiqamətlərdə öyrənilməsinin mümkünlüyündən danışaraq, dahi şəxsiyyətin uzaqgörən siyasətinin milli məfkurəyə, azərbaycançılıq ideologiyasına söykəndiyini, məhz onun rəhbərliyi ilə milli istiqamətdə görülən işlərdən söz açmışlar.

Vurğulamışlar ki, hər bir xalqın milli-mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Dil hər bir xalqın varlığının ən əsas təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dilimiz xalqımızın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamışdır. Əsrlər, qərinələrdir ki, xalqımızın əbədiyaşarlığına xidmət edən ana dilimiz qədim tarixə malik olan, min illərin burulğanlarından alnıaçıq, üzüağ çıxaraq müasir dövrə gəlib çatmış ən böyük mənəvi sərvətimizdir. Azərbaycan dilinin ölkənin dövlət dili elan edilməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin çox böyük xidmətləri olmuşdur. Ulu öndər Heydər Əliyevin müvafiq Fərmanından sonra ana dilimizin tətbiqi işinin daha mükəmməl səviyyədə həyata keçirilməsinə başlanılıdı. Bundan sonra respublikamızda bütün yazılı sənədləşmə işləri latın qrafikası ilə aparıldı. O da vurğulandı ki, ümummilli lider tərəfindən əsası qoyulan dil siyasəti hazırda Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbirin sonunda “Heydər Əliyev və Azərbaycan dili” adlı videoçarx nümayiş olunub.

Keçidlər