Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonunda əkin sahələrinin genişləndirilməsi və bitkiçiliyin inkişafına dair müşavirə keçirilib

12 sentyabr 2023 | 12:38

Daşkəsən rayonunda əkin sahələrinin mövcud vəziyyəti, genişləndirilməsi üçün potensial imkanlar və bitkiçilik sahəsində qarşıda duran vəzifələrlə bağlı ümumrayon müşavirəsi keçirilib. Daşkəsən Rayon İcra Hakimiyyətinin iclas zalında keçirilən müşavirədə Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov , RİHBA-nın məsul işçiləri, Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rahil Həsənov, “Aqroservis”ASC-nin Şəmkir regional nümayəndəliyinin direktoru Azər Əliyev, RİHB-nin inzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyə sədrləri, aidiyyəti idarə və müəssisələrin nümayəndələri, iri torpaq mülkiyyətçiləri və fermerlər iştirak edib.

Müşavirədə çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov  rayonun kənd təsərrüfatı sahəsində bitkiçiliyin hazırkı vəziyyətinin qaneedici olmadığını qeyd edərək, bununla bağlı qarşıda duran vəzifələr, mövcud problemlərin həlli istiqamətində görüləcək işləri geniş və ətraflı təhlil etmiş, rayonun relyefinə və iqlim şəraitinə uyğun olaraq kartof və taxıl əkini sahələrinin genişləndirilməsinin zəruri olduğunu bildirmişdir.

Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rahil Həsənov müqayisəli şəkildə məhsuldarlığın çox və az olduğu kəndləri, həmçinin yazlıq və payızlıq bəyan göstəricilərini, birgə əməkdaşlıq sayəsində görülən fəaliyyətlər haqqında geniş məruzə ilə çıxış etmişdir.

“Aqroservis”ASC-nin Şəmkir regional nümayəndəliyinin direktoru Azər Əliyev təmsil etdiyi qurum tərəfindən göstərilən xidmətlər və rayon fermerlərinin texnika və avadanlıqlarla təmin olunması üçün müvafiq dəstək veriləcəyi barədə tədbir iştirakçılarını məlumatlandırmışdır.

Digər çıxış edənlər Daşkəsən rayonunda kartofçuluq və taxılçılığın inkişafı ilə bağlı fermerlərin aqrotexniki qulluq qaydalarına riayət etməli olduqlarını, əkin təyinatlı, lakin əkilməyən torpaqların əkin dövriyyəsinə cəlb edilməsinin vacibliyini vurğulamışlar.

 Müşavirədə torpağın təyinatının pozulması və istifadə olunmamasına görə mövcud qanunvericilikdə nəzərdə tutulan inzibati tədbirlər barədə kəndlərdə torpaq sahiblərinin məlumatlandırılması tapşırılmışdır.

 

 

 

 

Keçidlər