Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏN RAYONUNDA AKADEMİK ZƏRİFƏ XANIM ƏLİYEVANIN ANADAN OLMASININ 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ SƏYYAR GÖZ MÜAYİNƏSİ AKSİYASI TƏŞKİL OLUNUB

26 aprel 2023 | 13:46

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşkilatçılığı və Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyi münasibətilə  Daşkəsən rayonunda ilk dəfə səyyar göz müayinəsi aksiyası keçirilib.

2023-cü ilin aprelin 28-də Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 100 ili tamam olur. “Akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında” Prezident cənab İlham Əliyev Sərəncam imzalayıb.

Akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyi münasibətilə Daşkəsən rayonunda  keçirilən bu nəcib aksiyanın məqsədi görkəmli oftalmoloq alimin xatirəsinin yad edilməsi, habelə xəstələrin operativ müayinəsi və müalicəsi, korluğun qarşısının alınması, görmə patologiyasının erkən aşkarlanması, göz xəstəliklərinin monitorinqi, görmə problemlərinin həllindən ibarət olub.

Əsasən Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, həmçinin qazilərin tibbi müayinəyə cəlb edildikləri aksiyada ümumilikdə 300 nəfərə yaxın Daşkəsən rayon sakini iştirak edib.

Vətəndaşlar geniş imkanlara malik müasir diaqnostik avadanlıqlarla təchiz edilmiş səyyar avtomobil klinikada Milli Oftalmologiya Mərkəzinin həkimlərinin ümumi göz müayinəsi, görmə diaqnostikası, gözdaxili təzyiqin ölçülməsi, gözün optik gücünün təyin edilməsi və digər müxtəlif tibbi xidmətlərdən yararlanıblar. Müayinələr zamanı müvafiq müalicə kursları da təyin edilib.

 

Elmar Əliyev – Vüqarlı

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər