Daşkəsən rayonunda 8 Noyabr – Zəfər Günü möhtəşəm bayram konserti ilə qeyd edilib
Noyabrın 8-də Daşkəsən Rayon İcra Hakimiyyətinin və Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı Zəfərimizin dördüncü ildönümü münasibətilə təntənəli bayram tədbiri keçirilib. Tədbirdə minlərlə daşkəsənli bayram əhvali-ruhiyyəsində iştirak edib.
Əvvəlcə şəhid ailələri və müharibə veteranları ilə birgə Ulu Öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsi ziyarət olunub. Sonra hərbçilərin də iştirakı ilə Daşkəsən Şəhidlər Xiyabanına yürüş təşkil edilib. Şəhid məzarları ziyarət olunaraq gül dəstələri düzülüb, Şəhidlər Xiyabanındakı əbədi məşəlin önünə əklil qoyulub.
Daşkəsən şəhər Heydər Əliyev meydanında nümayiş etdirilən rəsm, əl işləri və kitab sərgiləri, idmançıların və hərbçilərin nümunəvi çıxışları və "Əsgərə məktub" aksiyası bayram tədbirinə əlavə rəng qatıb.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 8 Noyabr – Zəfər Günü münasibətilə təbriklərini çatdırıb. Digər çıxış edənlər – YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev, şəhid anaları Sevda Şıxıyeva, Qızbəs Abbasova, Aybəniz Abdullayeva, Qönçə Cəfərova, Vətən müharibəsi qaziləri Ceyhun Əliyev və Orxan Babayev qeyd ediblər ki, bu möhtəşəm Zəfərin əsas müəllifi möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevdir.
Xoş anlarla yaddaşlarda qalan bayram konsertində tanınmış incəsənət xadimlərinin və müğənnilərin çıxışları alqışlarla qarşılanıb.
Tədbirin sonunda atəşfəşanlıq olub.