Daşkəsən rayonunda 8 Noyabr – Zəfər Günü ilə əlaqədar məktəblilərin rəsm və əl işlərindən ibarət sərgi keçirilib.
Noyabr 7-də Daşkəsən Rayon İcra Hakimiyyətinin, rayon Mədəniyyət Mərkəzinin, rayon üzrə Gənclər və İdman Sektorunun, Uşaq İncəsənət məktəbinin və Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunan məktəblilərin rəsm və əl işlərindən ibarət sərginin əvvəlində Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqlik sükutla yad edilib.
Sərginin keçirilməsində məqsəd Daşkəsən rayonunda gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi işinin davamlı təşkilinə nail olmaq, möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığı və qazanılmış tarixi Zəfəri əsərlərdə nümayiş etdirmək, eyni zamanda xüsusi istedada malik uşaqları üzə çıxarmaq, onların yaradıcılıq bacarıqlarının inkişafına dəstək vermək olub.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərinin müvəqqəti icraçısı Vüqar Məmmədov sərgidə çıxış edərək 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. O, sentyabrın 27-dən başlayan və 44 gün davam edən, işğal altındakı ərazilərimizin tamamilə azad olunması ilə nəticələnən Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının şanlı iftixar və qürur mənbəyinə çevrildiyini vurğulayıb. Qeyd edib ki, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər möhtərəm Prezident cənab İlham Əliyevin müdrik rəhbərliyinin, düşünülmüş siyasətinin, qətiyyət və prinsipiallığının, respublikamızda bütün sahələr üzrə əldə olunmuş böyük uğurların, güclü dövləti xarakterizə edən bütün komponentlərin məntiqi nəticəsi idi.
Sonra tədbir iştirakçıları sərgiyə baxış keçiriblər. Tamaşaçılara vətənpərvərlik mövzusunda müxtəlif janrlarda çəkilmiş rəsm əsərləri və əl işləri təqdim edilib.