DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ “HEYDƏR ƏLİYEV İLİ” ÇƏRÇİVƏSİNDƏ TƏDBİR KEÇİRİB
Mayın 9-da Daşkəsən Rayon Məhkəməsinin və Daşkəsən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə təsdiq olunmuş Tədbirlər Planına əsasən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda rayonun Heydər Əliyev Mərkəzində tədbir keçirilib.
Tədbirdə Daşkəsən Rayon İcra Hakiyyətinin başçısı Əhəd Abıyev, Daşkəsən Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Mustafa Mustafayev, rayon İcra Hakimiyyətinin əməkdaşları, ədliyyə işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Daşkəsən şəhərində abidəsi ziyarət olunaraq gül dəstələri düzülüb, xatirəsi yad olunub. Tədbir iştirakçıları həmçinin Daşkəsən rayon Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən fotolara və eksponatlara baxış keçiriblər.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev giriş nitqi ilə çıxış edərək deyib:
- Müasir müstəqil Azərbaycan Respublikasının memarı, dövlətçiliyimizin xilaskarı, Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2023-cü ili Azərbaycanda “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncamı mühüm siyasi qərar olmaqla ölkəmizin hər yerində və onun hüdudlarından kənarda bütün dünya azərbaycanlıları tərəfindən yüksək dəyərləndirilir, xalqımız tərəfindən dərin ehtiramla və minnətdarlıqla geniş qeyd olunur. Ölkəmizin bütün ərazi və bölgələrində olduğu kimi Daşkəsən rayonunda da təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə müxtəlif ictimai, siyasi, mədəni, humanitar, ekoloji və idman tədbirləri keçirilir. İndi də Daşkəsən Rayon Məhkəməsi ilə birgə “Heydər Əliyev İli” çərçivəsində təşkil etdiyimiz tədbirə toplaşmışıq. Bu günlər hər birimiz Ulu Öndər Heydər Əliyevin Vətən və millət qarşısında misilsiz xidmətlərini bir daha minnətdarlıq hissi ilə xatırlayırıq.
Bildiyiniz kimi sabah – may ayının 10-nu ölkəmizin tarixi üçün çox əlamətdar bir gündür. Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 100 illiyi tamam olacaqdır. Ulu Öndərimizin 100 illik yubileyi münasibətilə Daşkəsən rayonunda ümumrayon yığıncağı və möhtəşəm bayram konserti təşkil ediləcəkdir.
Müasir müstəqil Azərbaycanının ədliyyəsinin inkişafı da Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizdə möhkəm ictimai-siyasi sabitlik bərqərar olunduqdan sonra Ümummilli Liderimizin rəhbərliyi ilə demokratik dəyərlərə uyğun hazırlanmış 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə yeni Konstitusiya qəbul edildi. Hüquqi İslahat Komissiyasına rəhbərliyi bilavasitə öz üzərinə götürərək Ulu Öndərimiz qısa müddət ərzində ölkəmizdə hüquq sisteminin təşkil edilməsinə nail oldu.
Ulu Öndər tərəfindən həyata keçirilməsinə başlanmış səmərəli hüquqi islahatlar kursu bu gün Ümummilli Liderimizin siyasi varisi, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə uğurla davam etdirilir və qısa dövr ərzində imzalanan fərman və sərəncamlar ölkəmizin dinamik yüksəlişini təmin etməklə həyata keçirilən hüquqi islahatlara yeni təkan vermişdir.
Bildiyiniz kimi Ədliyyə Naziri hörmətli Fikrət Məmmədov və ölkənin bütün ərazi və bölgələrində olduğu kimi Daşkəsən rayonunda da ədliyyə işçiləri Ulu Öndərimizin müəyyən etdiyi dövlətçilik amallarına, azərbaycançılıq ideyalarına daim sadiq qalaraq ölkəmizin daha da inkişafı və qüdrətlənməsi, yerlərdə qanunun aliliyinin təmin edilməsi naminə qüdrətli siyasi lider möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında daha sıx birləşərək bundan sonra da var qüvvələrini əsirgəməyəcəklər.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi biz Daşkəsənlilərin qəlbində daim yaşayacaqdır və onun şərəfli ömür yolu gələcək nəsillərə bir nümunədir.
Bu gün fürsətdən istifadə edərək ölkəmizin əsl bayram təntənəsi yaşadığı Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə bütün ədliyyə işçilərini, o cümlədən Daşkəsən rayon Məhkəməsinin sədri hörmətli Mustafa Mustafayevi də səmimi-qəlbdən təbrik edirəm, yeni uğurlu nailiyyətlər arzulayıram.
Daşkəsən Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən hörmətli Mustafa Mustafayev isə çıxışında bildirib ki, Ümummilli Lider Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir. Ümummilli Liderin zəngin irsinin daha dərindən, hərtərəfli öyrənilməsi, onun yaratdığı milli dövlətçilik və azərbaycançılıq ideyalarının hər zaman geniş təbliği xalqımızın Heydər Əliyev siyasətinə olan sarsılmaz inamının və ehtiramının göstəricisidir.
Hakim Mustafa Mustafayev Ümummilli Liderin müəyyən etdiyi hərtərəfli inkişaf kursunun möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini, bütün sahələrdə, o cümlədən ədliyyə və məhkəmə-hüquq sistemində böyük nailiyyətlərin əldə olunduğu vurğulayıb, dahi Öndərin ideyalarının hərtərəfli və geniş təbliğində respublikamızın Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın da mühüm fəaliyyətini xüsusi qeyd edib.
Digər çıxış edənlər də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan ədliyyəsinə qayğısından, müasir müstəqil Azərbaycanın məhkəmə hakimiyyətinin bərqərar olunmasındakı müstəsna rolundan danışıblar.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini