Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİ YANINDA MƏŞĞULLUĞA KÖMƏK GÖSTƏRƏN ƏLAQƏLƏNDİRMƏ KOMİTƏSİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR

28 fevral 2023 | 17:56

Fevralın 28-də Daşkəsən Rayon İcra Hakimiyyətinin yanında Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin növbəti iclasında RİH-nin məsul işçiləri, Gəncə-Daşkəsən regional  Məşğulluq  filialının, rayon Polis Şöbəsinin, Daşkəsən rayonu üzrə Təhsil Sektorunun, rayon Statistika  İdarəsinin, Daşkəsən rayonu üzrə Maliyyə şöbəsinin, rayon Gənclər və İdman idarəsinin, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 3 saylı Gəncə Ərazi idarəsinin Daşkəsən rayon şöbəsinin, ƏƏSMN-yi tabeliyində DSMF publik hüquqi şəxsin Gəncə-Daşkəsən regional filialının Daşkəsən rayon qəbul şöbəsinin, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin monitorinq şöbəsinin, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin, Dövlət idarələri və ictimai xidmət təşkilatları həmkarlar təşkilatının və Daşkəsən rayon bələdiyyə sədrləri şurasının rəhbər və məsul işçiləri iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi yad edilib.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin adından iclas iştirakçılarını salamlayan RİHB-nin müavini, RİH-in yanında Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin sədri Vüqar Məmmədov giriş nitqində deyib:

- Daşkəsən RİH yanında Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin ötən il ərzində qrafikə uyğun olaraq keçirilmiş iclaslarının protokolları aidiyyəti üzrə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının Katibliyinə təqdim olunmuşdur. Həmçinin bu görüşlər barədə mətbuatda və sosial şəbəkələrdə xəbərlər yayımlanmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 9 oktyabr tarixli 3287 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı"nın 3.4-cü bəndinin icrasını təmin etmək məqsədilə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının Katibliyi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilmiş məlumatlar emal edildikdən sonra müvafiq rayonlar üzrə məşğulluğa dair qiymətləndirmə cədvəli və əmək müqavilələrinə dair məlumat cədvəli dövri olaraq təqdim edilir.

Yerli əlaqələndirmə komitəsinin mərkəzi icra hakimiyyəti orqanlarının yerli struktur bölmələri ilə birlikdə məşğulluğun təmin edilməsinə yönəldilmiş tədbirlərin hazırlanması üçün iclasların  keçirilməsi qrafiki və 2023-cü il üçün iş planı hazırlanmışdır.

Baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri cənab Əli Əhmədovun sədrliyi ilə 28 oktyabr 2022-ci il tarixdə Komissiyanın Məşğulluğa kömək göstərən yerli əlaqələndirmə komitələrinin rəhbərləri ilə 13-cü iclası keçirilmişdir.  Müşavirədə verilmiş tapşırıqların yerinə yetirilməsi ilə bağlı qeyri-formal məşğulluqla mübarizə sahəsində əldə edilmiş nailiyyətlər, qarşıda duran vəzifələr, yerli komitələr tərəfindən aylıq təqdim edilmiş hesabatların vəziyyəti, qeyri-formal məşğulluğun regionlar üzrə faiz göstəriciləri müzakirə edilmişdir.  Rayonda muzdla işləyənlərin sayının məşğul əhalinin sayına nisbətən artırılması istiqamətləri müəyyənləşdirilmişdir. Müşavirədən sonra Məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin fəaliyyəti barədə hazırlanmış statistik göstəricilər və məlumat 30 noyabr 2022-ci il tarixli iclasımızda sizin iştirakınızla təhlil olunmuşdur.

Məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin səmərəli fəaliyyəti nəticəsində inanırıq ki, tezliklə sahibkarlıq obyektlərində qeyri-formal məşğulluğun qarşısı alınacaq, işçi ilə işəgötürənin qeyri-formal əmək münasibətlərindən yaranan vergi və məcburi sığorta ödəmələrinin yayınması azalacaq, bu da nəticədə dövlət büdcəsinə daxilolmalara müsbət təsir  göstərəcək. Eyni zamanda görüləcək tədbirlərdən sonra qeyri-formal çalışan işçilərin sosial müdafiə hüquqları yaranar, pensiya təminatlarının bərpası mümkün olar.

Yerli əlaqələndirmə komitələrinin birbaşa əsas fəaliyyət istiqaməti olan qeyri-formal məşğulluğun səviyyəsinin azaldılması ilə muzdla işləyənlərin sayının məşğul əhalinin sayına nisbətən artırılması hədəf kimi qarşımızda durur. İnkişaf etmiş ölkələrin bu sahədə təcrübəsindən də göründüyü kimi işəgötürənlərin vergilərdən və qanunla nəzərdə tutulmuş digər məsuliyyətlərdən yayınmasının, eyni zamanda işsiz şəxs kimi qeyri-formal məşğulluqla işləyənlərin bəzi imtiyazlardan sui-istifadə hallarının qarşısı alınacaq, həmçinin rayonun statistik göstəricilərinə müsbət edəcəkdir.

Bu məqsədlə Daşkəsən RİH ilə birgə Daşkəsən KOB dostu və Gəncə-Daşkəsən Regional Məşğulluq İdarəsinin Daşkəsən xidmət şöbəsi  tərəfindən dövri olaraq sahibkarlarla maarifləndirmə və müxtəlif təlimlər keçirilir. Belə görüşlər müasir texnologiyalardan istifadə olunmaqla yeni istehsal sahələrinin yaranmasına, yeni satış bazarların müəyyənləşməsinə səbəb ola bilər.

Əhalinin məşğulluq səviyyəsinin yaxşılaşdırılması və insanların sosial-rifah halının daha da yüksəldilməsi ilə bağlı 2023-cü il üçün Daşkəsən rayonu üzrə Ərazi Məşğulluq Proqramı təsdiq edilmişdir. Bu proqramda yerli əmək bazarının düzgün təhlili və proqnozu aparılmış, işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin əsas istiqamətləri müəyyənləş dirilmişdir.

2022-ci ilin dekabr ayında Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının Katibliyindən 2023-cü il üçün icrası nəzərdə tutulmuş tapşırıqların təmin edilməsi məqsədilə hazırlanmış cədvəl formaları yerli əlaqələndirmə komitəsinin e-mail ünvanına daxil olmuşdur.

Əlaqələndirmə komitəsinin tərkibinin formalaşdırılması haqqında təsdiq edilmiş Sərəncama dair məlumat cədvəli, 2022-ci ilin 9 ayı ərzində Daşkəsən rayonu üzrə məşğulluğa dair qiymətləndirmə cədvəli, əlaqələndirmə komitələri tərəfindən görülən işlər haqqında təqdim edilməsi zəruri olan məlumat xarakterli hesabatlara dair cədvəl tələb olunan formada qısa müddətdə hazırlanaraq təqdim edilmişdir.

Həmçinin yerli əlaqələndirmə komitəsinin apardığı təbliğat və təşviqat kampaniyalarının nəticələri haqqında, qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində illik İş planında nəzərdə tutulan tədbirlər üzrə gördüyü işlər və qarşıda duran vəzifələr barədə məlumat cədvəlləri təqdim edilmişdir.

Daşkəsən rayonunda 2022-ci ildə  bir sıra uğurlu işlər və nailiyyətlər əldə olunmuşdur. 2022-ci ilin  makroiqtisadi göstəriciləri rayon iqtisadiyyatının  dinamik inkişaf etdiyini əks etdirir. Hesabat dövründə məhsul istehsalı sahələrində istehsalın həcmi artmış, xidmət sahələrinin fəaliyyəti genişlənmiş, əhalinin həyat səviyyəsini əks etdirən pul gəlirləri və əməkhaqqı xeyli yüksəlmişdir.

2022-ci ildə Daşkəsən rayonunda faktiki qiymətlərlə ümumi məhsul buraxılışının həcmi 299 milyon 29 min manat olmuş, əvvəlki ilə nisbətən 3,9 faiz  çox olmuşdur. Ümumi məhsul buraxılışında 2022-ci ildə  sənaye üzrə 209 milyon 899 min manat (2021-ci illə müqayisədə 2,4% çox), tikinti üzrə 20 milyon 927 min manat (2021-ci illə müqayisədə 56,3% çox),  nəqliyyat və anbar təsərrüfatı sahəsi üzrə 3 milyon  100   min  manat  (2021-ci illə müqayisədə 27,2% çox),  ticarət,   nəqliyyat vasitələrinin təmiri sahəsi üzrə 27 milyon 340 min manat (2021-ci illə müqayisədə 0,3% çox) olmuşdur. Bu göstəricilər əvvəlki ilə nisbətən daha yüksək olmuşdur.

Rayonda sənayenin əsasını mədənçıxarma sənayesi, elektrik enerjisi, qaz istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələri təşkil edir.

Hesabat ilində rayon üzrə iqtisadi fəal əhali 22 min 327 nəfər olmuş, onlardan məşğul əhali 21 min 101 nəfərdir.

Cari ildə də rayonda müxtəlif qurumlarda olan müddətli müqavilələrlə müvəqqəti iş yerləri saxlanılaraq müqavilələrin vaxtı uzadılmışdır.

Daşkəsən RİH üzrə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsi ilə razılaşdırılmış və  “DOST İŞ Mərkəzi”  MMC  tərəfindən   təqdim  olunan   216  nəfər  işsiz şəxslə  müvafiq   qanunvericiliyə uyğun olaraq müddətli əmək müqaviləsi bağlanılaraq rayonda ödənişli ictimai işlərə cəlb olunmuşlar. Ümumilikdə ictimai işlərlə məşğul olanların fəaliyyətinə RİH tərəfindən nəzarət gücləndirilmişdir.

2022-ci il ərzində Gəncə-Daşkəsən regional  Məşğulluq  Filialının Daşkəsən rayon xidmət şöbəsi tərəfindən 39 nəfər  özünüməşğulluq proqramına cəlb olunmuş, onlardan 33 nəfər  qiymətləndirmədən keçmişdir. Qiymətləndirmədən keçmiş 4 nəfər şəhid ailə üzvü, 15 nəfər Qarabağ müharibəsi veteranı və ya onun ailə üzvü, 14 nəfər isə xüsusi xidməti olmayan aztəminatlı vətəndaşlar aktivlərlə təmin olunmuşlar.

Daşkəsən RİH tərəfindən 2022-ci il ərzində rayona özəl investisiyaların cəlb olunması sahəsində bir sıra işlər görülmüşdür. Rayona  investisiya cəlb olunması məqsədilə ərazidə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, sənaye, energetika, tikinti, ticarət, nəqliyyat, telekommunikasiya və poçt, maliyyə və bank, turizm və  digər xidmət sahələri üzrə mövcud vəziyyət, məlumatlar kütləvi informasiya vasitələri ilə hərtərəfli təşviq olunmuşdur. İş adamları, sahibkarlar və aidiyyəti qurumlarla birgə investisiyaların qoyulması, müvafiq layihələrin işlənib hazırlanması məsələləri geniş təhlil edilərək tətbiq  olunması   daha  məqsədəuyğun   olan   təkliflər   müəyyənləşdirilmiş,  özəl investisiya qoyuluşu üzrə investisiya qoymaq istəyən hüquqi və fiziki şəxslərə lazımi köməklik göstərilməklə əlverişli şərait yaradılmış, bu sahədə  bir sıra layihələr həyata keçirilmişdir.

 1 yanvar 2022-ci il tarixdən 01 yanvar 2023-cü il tarixədək rayonda müxtəlif sahələrə 3 sahibkar  tərəfindən özəl investisiya qoyulmaqla  layihələrin həyata keçirilməsi üçün 190 min manat investisiya cəlb edilmişdir.

Rayona investorların cəlb olunması üçün yerli resursları  nəzərə almaqla  digər sahələrlə yanaşı turizmin və sanatoriya-kurort sisteminin inkişaf etdirilməsi ilə əlaqədar işlər davam etdirilir.

Daşkəsən RİH-nin rəhbərliyi rayon ərazisində daha çox özəl investisiyanın cəlb olunması üçün aidiyyəti üzrə müvafiq işlər aparır və həmin işlərin icra vəziyyəti daimi nəzarətdə saxlanılır. Dövri olaraq bu barədə hesabatlar aidiyyəti üzrə təqdim olunur.

Rayonun hərtərəfli sosial-iqtisadi inkişafı, mövcud problemlərin həlli, o cümlədən dəmir və alunit filiz yataqlarının işə salınması əsas vəzifə kimi qarşıda durur.  Müəssisələrin işə  salınması  üçün vaxtaşırı  olaraq aidiyyəti qurumlar qarşısında məsələ qaldırılır. Bu müəssislər işə düşdükdən sonra Daşkəsən rayonunda işsizlik problemi həll ediləcəkdir.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2011-2022-ci illərdə imzalanmış fərman və sərəncamlarda, qəbul olunmuş dövlət proqramlarında, Strategiyalar və tədbirlər planlarında yerli icra hakimiyyəti orqanlarına verilmiş tapşırıqların icra vəziyyəti Daşkəsən rayonu ilə bağlı 2022-ci il üzrə Prezident Administrasiyasının Dövlət Nəzarəti Şöbəsi tərəfindən DNİS sistemində 100 faizə yaxın olmaqla qiymətləndirilmişdir. Hazırda bu sahədə işlər ardıcıl olaraq davam etdirilir.

İclasda iştirak edən Əlaqələndirmə Komitəsinin üzvləri mövzu ilə bağlı fikir mübadiləsi aparıb, qarşıda duran vəzifələr və görüləcək işləri müzakirə ediblər.

İclasın yekunu olaraq qərara alınıb ki, rayonun bütün yaşayış məntəqələrində qeyri-formal məşğulluğun qarşısının alınmasına dair əhali arasında maarifləndirmə işləri aparılsın və məlumatlandırıcı materiallar hazırlanaraq paylansın.

 

Elmar Əliyev

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər