Daşkəsən rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın növbəti iclası keçirildi.
15 avqust 2023-cü il tarixdə Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı yanında keçirilən Şuranın növbəti iclasında “Enerji daşıyıcılarından istifadə və onların dəyərinin ödənilməsi üzrə Azərbaycan Respublikası Prezidenti tərəfindən verilmiş tapşırıqların Daşkəsən rayonunda yerinə yetirilməsi vəziyyəti barədə”, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin müraciətlərində qaldırılmış problemli məsələlərin təhlil olunaraq həll edilməsinin təşkili barədə” - 2 məsələ müzakirə olundu.
İclasda Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov, Şura üzvləri, fəaliyyətləri müzakirə olunan idarə, müəssisə və təşkilatların məsul şəxsləri iştirak etdi.
Əvvəlcə Şuranın sədri Vüqar Məmmədov müzakirə olunacaq məsələlər barədə məlumat verdi. Sonra Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi Bəhmən Verdiyevin müzakirə olunan sahələrlə bağlı hazırladığı arayış dinlənildi.
İclasda Rayon Elektrik Şəbəkəsinin və Qaz İstismar Sahəsinin ötən müddət ərzində fəaliyyəti təhlil olunaraq Şura üzvləri tərəfindən geniş müzakirələr aparıldı, gələcək tədbirlər müəyyənləşdirildi.
Gündəlikdə duran ikinci məsələ ilə bağlı Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəxri Həsənovun hazırladığı arayış dinlənildi. Bu məsələ ilə bağlı da Şura üzvləri öz təklif və iradlarını bildirdilər.
Sonda çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov Şura iclasının gündəliyinə daxil edilmiş məsələlərlə bağlı qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədi ilə aidiyyəti idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verdi.
Müzakirə olunan məsələlər ilə bağlı Şura iclasında müvafiq qərarlar qəbul edildi.