Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı yanında Şura iclası keçirilib.
19 sentyabr 2023-cü il tarixdə Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı yanında keçirilən Şuranın növbəti iclasında “Rayonun idarə, müəssisə və təşkilatlarında payız-qış mövsümünə hazırlığın vəziyyəti barədə” və “RİHB-nın Daşkəsən şəhər, Yuxarı Daşkəsən və Daşkəsən qəsəbə, Əhmədli, Qaraqullar, Dəstəfur kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin ötən dövr ərazində fəaliyyəti barədə” məsələlər müzakirə olundu.
İclasda şura üzvləri, fəaliyyətləri müzakirə olunan idarə, müəssisə və təşkilatların məsul şəxsləri iştirak edib.
Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov iclası giriş sözü ilə açaraq tədbir iştirakçılarını salamlayıb, ölkəmizin inkişafı və əhalinin sosial rifah halının yüksəldilməsi istiqamətində dövlət səviyyəsində həyata keçirilən tədbirlərdən danışıb. Ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyeva tərəfindən iqtisadiyyatın bütün sahələrində aparılan islahatlar, verilən müdrik qərarlar öz səmərəsini verməkdədir. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərlliyi ilə rəşadətli ordumuzun torpaqlarımızın işğaldan azad olunması uğrunda apardığı 44 günlük Vətən müharibəsində qazandığı qələbənin hər bir vətəndaşımızda qürur hissi doğurduğunu vurğulayıb. Vətənin bütövlüyü uğrundan canından keçən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyib.
27 sentyabr Anım Günü ilə əlaqədar müxtəlif tədbirlərin keçirilməsi, hər zaman olduğu kimi şəhid ailələrinin, müharibə əlillərinin və iştirakçılarının müraciətlərinə daha da həssaslıqla yanaşılaraq onların ziyarət olunması, Şəhid Xiyabanının və digər yaşayış məntəqələrində yerləşən şəhid qəbirlərinin ətrafının abadlaşdırılması barədə aidiyyəti üzrə tapşırıqlar verib.
Regionların inkişafı üzrə dövlət proqramlarına uyğun olaraq Daşkəsən şəhərində həyata keçirilən abadlıq-quruculuq işlərindən söz açaraq, şəhərin abadlaşması və zahiri görkəminin daha da gözəlləşməsi naminə görülən işlərin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb.
Sonra Vüqar Məmmədov Şura iclasının gündəliyində duran məsələlər barədə məlumat verib.
“Rayon təsərrüfatının 2023-2024-cü illərin payız-qış mövsümünə hazırlığı ilə əlaqədar görülən işlər haqqında” Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi Bəhmən Verdiyevin hazırladığı arayış dinlənildi. Məruzəçi öz çıxışında rayon ərazisində payız-qış mövsümünə hazırlığın vəziyyəti, problemlər və qarşıda duran vəzifələr barədə məlumat verdi.
Gündəlikdə duran ikinci məsələ ilə bağlı Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi İlkin Qasımovun hazırladığı məruzə dinlənildi.
Daha sonra Şuranın müzakirəsinə çıxarılan məsələlər ətrafında geniş müzakirələr aparılıb, Vüqar Məmmədov nöqsanların aradan qaldırılması və nəzərdə tutulan məsələlərin həlli ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verib. Çıxış və müzakirələr başa çatdıqdan sonra hər bir məsələ ilə bağlı Şura iclasının qərarları qəbul edilib.