DAŞKƏSƏN RAYON DƏSTƏFUR KƏNDİNDƏ “HEYDƏR ƏLİYEV İLİ” ÇƏRÇİVƏSİNDƏ KİTAB SƏRGİSİ KEÇİRİLİB
Aprelin 7-də Daşkəsən Rayon İcra Hakimiyyətinin “Heydər Əliyev İli” ilə əlaqədar Tədbirlər Planına əsasən Daşkəsən rayon Dəstəfur kənd 1 nömrəli kitabxanası ilə birgə Ümummilli Lider Heydər Əliyevin andan olmasının 100 illiyinə həsr edilmiş “Dahilər dahisi çağırılır adın” adlı kitab sərgisi təşkil olunub.
Açıq havada keçirilən sərgidə Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Daşkəsən rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və Dəstəfur kənd 1 nömrəli kitabxanasının əməkdaşları, kənd sakinləri, məktəblilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Sərginin açılışında çıxış edənlər 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Prezident cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixdə Sərəncam imzaladığını xatırladıb, Heydər Əliyev irisi ilə daha yaxından tanış olunması baxımından bu cür kitab sərgilərinin əhəmiyyətindən danışıblar. Bildiriblər ki, 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması Ulu Öndərin şəxsiyyətinə və onun fəaliyyətinə verilən çox yüksək qiymətdir.
Tədbirdə həmçinin Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu daxili və xarici siyasətin bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb. Qeyd olunub ki, Ulu Öndərin arzuları artıq reallaşıb. Onun özü qədər inandığı möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz 30 ilə yaxın düşmən işğalında qalan torpaqlarımızı azad edib. İndi ölkəmizin hər yerində geniş quruculuq işləri vüsət alıb. Bütün bunlar Heydər Əliyev ideyalarının həyata keçməsinin bariz nümunəsidir.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Sərgidə müasir Azərbaycanın qurucusu və memarı, gələcək nəsillərə örnək olan Ulu Öndər Heydər Əliyevin zəngin və şərəfli həyat yolunu, çoxşaxəli fəaliyyətini, dövlətçiliyimiz tarixində müstəsna xidmətlərini əks etdirən kitablar nümayiş etdirilib.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini