Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏN KOB DOSTUNUN DAŞKƏSƏN DÖVLƏT AQRAR İNKİŞAF MƏRKƏZİ VƏ GƏNCƏ-DAŞKƏSƏN REGİONAL MƏŞĞULLUQ İDARƏSİNİN RAYON XİDMƏT ŞÖBƏSİ İLƏ BİRGƏ SAHİBKARLIĞA VƏ MƏŞĞULLUĞA DAİR NÖVBƏTİ GÖRÜŞÜ BAYAN KƏNDİNDƏ KEÇİRİLİB

25 aprel 2023 | 10:03

Aprelin 25-də Daşkəsən rayonunun Bayan kəndində keçirilən görüşdə Daşkəsən KOB dostu Muraz Məmmədov 25 aprel – Sahibkarlar Günü münasibətilə təbriklərini çatdırdıqdan sonra bildirib ki, Prezident cənab İlham Əliyevin “Azərbaycan Respublikasında Sahibkarlar Gününün təsis edilməsi haqqında” 2016-cı il 21 aprel tarixli Sərəncamına əsasən, aprelin 25-i Azərbaycanda Sahibkarlar Günü kimi qeyd edilir. Sahibkarlar Gününün təsis olunması ölkənin sosial-iqtisadi inkişafında, məşğulluğun təmin olunmasında sahibkarların fəaliyyətinə verilən yüksək qiymətlə bərabər, sahibkarlığın, xüsusən də qeyri-neft sektorunun inkişafına dövlətimizin başçısı tərəfindən göstərilən diqqət və qayğının bariz nümunəsidir. Ümummilli Lider Heydər Əliyevin inkişaf strategiyasının Prezident cənab İlham Əliyev tərəfindən müdriklik və böyük uzaqgörənliklə davam etdirilməsi nəticəsində bu gün ölkəmiz regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilib. Aparılan islahatlar çərçivəsində Azərbaycan Prezidentinin “ölkəmizin gələcək inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttinə uyğun olaraq son illərdə sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən sistemli tədbirlər, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi, şəffaf inzibati tənzimləmə və dövlət dəstəyi mexanizmlərinin yaradılması və genişləndirilməsi, sahibkarların hüquqlarının və qanuni mənafelərinin etibarlı müdafiəsi və digər tədbirlər nəticəsində bu gün sahibkarlar iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilib.

Muraz Məmmədov həmçinin KOBİA-nın sahibkarlara göstərdiyi xidmətlər və dəstək mexanizmləri barədə ətraflı məlumat verib

Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Rahil Həsənov fermerləri Mərkəzlə fəal əməkdaşlığa dəvət edərək çıxışında diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2018-ci il tarixli Fərmanı ilə rayon və şəhər kənd təsərrüfatı idarələri əsasında Dövlət Aqrar İnkişaf Mərkəzləri (DAİM) yaradılıb. DAİM-lərin yaradılmasında məqsəd Kənd Təsərrüfatı Nazirliyinin yerli bölmələrinin vahid mərkəzdən idarə olunmasını təşkil etmək, fermerlərlə işi gücləndirmək, elektron xidmətlər və innovativ texnologiyadan istifadə ilə bağlı maarifləndirmə işləri aparmaqdır.

Əkinlərin aparılması, peyvəndləmə, subsidiyaların verilməsi, kənd təsərrüfatı sığortasının və aqrotexniki tədbirlərin həyata keçirilməsi, fermerlərin elektron qeydiyyatının aparılması, habelə fermerlərə göstərilən çoxşaxəli xidmətlərdən və  digər mövzulardan söz açan Rahil Həsənov vurğulayıb ki, Mərkəzdə “vahid pəncərə” prinsipinin tətbiqi, şəffaflığın təmin edilməsi, fermerlərlə əlaqələrin qurulması mexanizmi daha da təkmilləşdirilib.

Gəncə-Daşkəsən Regional Məşğulluq İdarəsi rayon xidmət şöbəsinin müdiri Şəhriyar Kazımov qeyd edib ki, Dövlət Məşğulluq Agentliyi  aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində fəaliyyət göstərir. Şəhriyar Kazımov rayon xidmət şöbəsinin fəaliyyətindən, görülən işlərdən və qarşıda duran vəzifələrdən söz açıb. 

 Görüşdə çoxsaylı suallar cavablandırılıb, müraciətlər qeydə alınıb və maarifləndirici materiallar paylanıb.

 

  Elmar Əliyev – Vüqarlı

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər