Alunitdağ qəsəbəsində sakinlərlə növbəti səyyar qəbul keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Daşkəsən rayonunda da yerlərdə sakinlərlə səyyar qəbul - görüşlər keçirilir. Keçirilən görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri yerində öyrənmək və problemləri vaxtında aradan qaldırmaqdır.
Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədovun təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü rayonun Alunitdağ qəsəbəsində keçirilib.
Qəbulda RİH-in məsul şəxsləri, rayonunun hüquq-mühafizə orqanlarının, YAP rayon təşkilatının və rayon Ağsaqqallar şurasının sədrləri, mədəniyyət, təhsil, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.
V.Məmmədov əvvəlcə möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə əhalinin sosial rifah halının yaxşılaşdırılması üçün həyata keçirilən böyük layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, qələbədən sonra sürətlə bərpa işləri aparılan kəndlərdən, eləcə də şəhid və qazi ailələrinə, Vətən müharibəsi veteranlarına dövlət tərəfindən göstərilən dəstəkdən bəhs edib. Ölkə rəhbərinin diqqət və qayğısı altında respublikamızda, eləcə də rayonda aparılan tikinti-quruculuq-abadlıq işlərindən danışıb.
Sonra o qəsəbənin sosial-iqtisadi inkişafı və bu sahədə görülən işlər barədə məlumat verilib.
Bildirilib ki, Alunitdağ qəsəbəsində 118 ev təsərrüfatı var, 713 nəfər sakin yaşayır. Ərazidə 1 məktəb, 1 tibb məntəqəsi, 1 klub, 1 kitabxana fəaliyyət göstərir. Sakinlər əsasən mədən sənayesində fəaliyyət göstərən müəssisələrdə çalışır, əkinçilik və heyvandarlıqla məşğul olurlar. Qəsəbə daimi işıq və təbii qaz ilə təmin olunub.
Qəsəbədə ümumi istifadə üçün 7 bulaq inşa olunub. Evlərin daimi içməli su xəttinə qoşularaq sayğaclaşması işləri yaxın vaxtlarda həyatə keçiriləcək.
Sakinlər 281 baş iribuynuzlu, 1177 baş xırdabuynuzlu heyvan, 20 arı ailəsi saxlayırlar.
Sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edilib.
Sonra sakinlərin müraciətləri dinlənilib.
Qəsəbə sakinlərindən Nuridə Qasımova və Nəzakət Əsədova övladlarının işlə təmin olunması, Etibar Əliyev əlillik pensiyasının təyinatı, Qalib Ələsgərov dərmanlarının alınmasına və müalicə olunmasına kömək, Abuzər Hüseynov qəsəbəyə gələn yolun təmiri, Gülümzər Şəfiyeva evinin yaxınlığında olan torpaq sürüşməsi ilə əlaqədar və digər şəxsi məsələlər ilə bağlı müraciət ediblər.
Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.