9 Noyabr – Dövlət Bayrağı Günüdür
Azərbaycanda üçrəngli dövlət bayrağı ilk dəfə 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir. 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süqut etdikdən və Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanda bu bayraqdan imtina edilmişdir.
Bu bayraq ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa edilmiş və Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilmişdir. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxmış və üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar vermişdir.
Azərbaycan Respublikasının Dövlət Bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Mavi rəng - Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng - islam sivilizasiyasına mənsubluğunu ifadə edir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.
17 noyabr 2009-cu ildə Prezident cənab İlham Əliyev hər il noyabrın 9-nun Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilməsi haqqında Sərəncam imzalamışdır. Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq, indiki dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilmişdir.
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.
Prezident cənab İlham Əliyev hər zaman dövlət rəmzlərimizə yüksək dəyər verir. Üçrəngli bayrağımızın müstəqil Azərbaycanın simvolu, xalqımızın qürur mənbəyi olduğunu vurğulayan dövlətimizin başçısı deyir: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir”.
Bu gün Azərbaycanın Dövlət Bayrağı ölkəmizin bütün ərazisində qürurla dalğalanır. 2020-ci ildə Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı düşmən işğalından qurtararaq ərazi bütövlüyümüzü bərpa etdi. Azərbaycan əsgəri bayrağımızı 30 ilə yaxın həsrətində olduğumuz Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərlərində, Hadrut, Mincivan, Ağbənd qəsəbələrində, Suqovuşanda, işğaldan azad olunmuş 200-dən çox kənddə ucaltdı. Dövlət Bayrağı Gününə ən böyük müjdə isə 2020-ci ildə verildi. Prezident cənab İlham Əliyev 2020-ci il noyabrın 8-də - Dövlət Bayrağı Günü ərəfəsində üçrəngli bayrağımızın Şuşada ucaldıldığını xalqımıza bəyan etdi. Bundan sonra yüz minlərlə insan əllərində Azərbaycan Bayrağı küçələrə çıxaraq Şuşa Zəfərinin sevincini paylaşdı. Şuşanın 28 ildən sonra düşmən tapdağından qurtarılması Bayraq Günü ilə bir vaxta təsadüf etdi. Şuşaya bayrağımızın sancıldığı 2020-ci ilin 8 noyabr günü Azərbaycan tarixinə əbədi həkk olundu.
2023-cü ilin sentyabrın 19-da rəşadətli Ordumuzun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirlərinin qısa müddətdə öz müsbət nəticəsini verməsi, qarşıya qoyulan hədəflərə cəmi 24 saatda nail olunması Azərbaycanın növbəti tarixi Qələbəsidir. Bu, bir daha göstərir ki, Azərbaycan regionda prosesləri diktə edən tərəfdir, sülh və sabitliyin əsas təminatçısıdır. Bu, eyni zamanda, Prezident cənab İlham Əliyevin qətiyyəti, müdrik və uzaqgörən siyasətinin məntiqi nəticəsi, dövlətimizin başçısının ətrafında “dəmir yumruğ”a çevrilmiş xalqımızın daha bir tarixi Zəfəridir. Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələrinin, qeyri-qanuni erməni silahlı dəstələrinin silahı yerə qoyması, döyüş mövqelərindən və hərbi postlardan çıxması və tərk-silah olunması, separatçı rejimin özü-özünü buraxması, paralel şəkildə bütün silah-sursat və ağır texnikanın təhvil verilməsi ilə bütün ölkə ərazisində suveren hüquqlarımız tam və qəti şəkildə bərqərar oldu.
Daha bir tarixi an isə 2023-cü ilin oktyabrın 15-də dövlətimizin başçısı cənab İlham Əliyevin Prezident seçilməsinin 20 illiyində yaşandı. Prezident cənab İlham Əliyev Xankəndi, Ağdərə, Xocavənd, Xocalı şəhərlərində, Əsgəran qəsəbəsində Dövlət Bayrağımızı ucaltdı. Bu qürurverici hadisəni bütün Azərbaycan xalqı böyük sevinclə izlədi.
2023-cü ilin noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradda Dövlət Bayrağımızın nümayiş etdirilməsi tariximizin şanlı səhifələrinə əbədi yazıldı.
Bütün bu zəfərlər fonunda Azərbaycan xalqı Dövlət Bayrağı Gününü tamam başqa əhvali-ruhiyyədə, böyük sevinc və qürurla qeyd edir.
9 Noyabr – Dövlət Bayrağı Gününüz mübarək olsun!