Hücum diplomatiyasının yeni mərhələsi başlayır
Prezident İlham Əliyev xarici siyasət strategiyasının prioritetlərini müəyyənləşdirdi və diplomatlar qarşısında ciddi tələblər qoydu
Dövlət idarəçiliyi sistemini daim təkmilləşdirən Prezident İlham Əliyev hətta qlobal pandemiya ilə mübarizə dövründə də bu istiqamətdəki islahatlarını davam etdirməkdədir. Bütün islahatlar zamanı düşünülmüş, ölçülüb-biçilmiş addımlar atan dövlət başçısı, ilk növbədə, xalqın marağını, milli mənafeyi nəzərə alır.
Cənab İlham Əliyev cəmiyyətin islahatlara münasibətinə çox yüksək önəm verir və vətəndaşların proseslərlə bağlı nə düşünməsi, hansı sahələrdə nədən razı və ya narazı olması prioritetlər sırasındadır. Ona görə də xalq ən islahatçı Prezidentin bütün yenilik və dəyişikliklərini alqışlayır.
Son dövrlərdə dövlət idarəetmə sistemində həyata keçirilən struktur islahatları çərçivəsində müasir düşüncəli, milli maraqları əsas tutan kadrlara rəhbər korpusda yüksək etimadın göstərilməsi həm xalq, həm də beynəlxalq təşkilatlar tərəfindən təqdirəlayiq hal kimi qiymətləndirilir.
İyulun 16-da Ceyhun Bayramovu Xarici İşlər naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edən dövlət başçısı bir daha vurğuladı ki, kadr siyasətində şəxsi tanışlıq, rəğbət, dostluq əlaqələri yox, peşəkarlıq, vətənpərvərlik və milli dəyərlər əsas olmalıdır. Peşəkar, Vətənə bağlı olan, bilikli və Azərbaycanın maraqlarını layiqincə müdafiə edə bilən kadrlar önə çəkilməlidirlər.
Azərbaycanda dövlət idarəçiliyində müasir, kreativ düşüncəli kadrların irəli çəkilməsinə xüsusi diqqət yetirilir. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və cənab İlham Əliyevin uğurla davam etdirdiyi siyasətin nəticəsidir ki, artıq ölkədə bütün sahələrdə peşəkar kadr potensialı formalaşıb. Hazırda dövlət idarəetməsinin müxtəlif sferalarında bu potensialdan səmərəli istifadə etmək imkanları yaranıb.
Yeni dövlət idarəçiliyinin tələblərinə cavab verən islahatlarla bağlı qətiyyətli mövqe ortaya qoyan Prezidentin struktur islahatlarının əsas məqsədi idarəetmədə çevikliyi və səmərəliliyi artırmaq, cəmiyyətdə formalaşan yeni çağırışlara və iqtisadiyyatda baş verən struktur dəyişikliklərinə adekvat uyğunlaşmanı təmin etməkdir.
Hazırda dünyada gedən mürəkkəb iqtisadi problemlər fonunda Azərbaycanda reallaşan islahatlar əlbəttə ki, ilk növbədə, dövlət idarəçiliyinin təkmilləşməsi deməkdir.