Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Qoşulmama Hərəkatı Azərbaycanla həmrəy olduğunu bəyan etdi

21 iyul 2020 | 16:00

Əksər beynəlxalq təşkilatlar Ermənistanın son təxribatını açıq şəkildə pisləməsələr də, ümumilikdə dünya birliyindən Azərbaycanı müdafiə edən reaksiyalar özünü çox gözlətmədi. Dost ölkələrdən gələn bəyanatlarlarda Ermənistanın işğalçılıq siyasəti pislənildi, Azərbaycan torpaqlarının azad edilməsi tələb edildi, ölkəmizə dəstək ifadə olundu.
Bu istiqamətdə ən mühüm hadisələrdən biri üzvlərinin sayına görə BMT-dən sonra dünyanın ən böyük siyasi təşkilatı olan Qoşulmama Hərəkatının (QH) Əlaqələndirmə Bürosunun Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədində hərbi təxribatı ilə bağlı qəbul etdiyi kommünike oldu.
Kommünikedə QH-nin üzv dövlətləri Ermənistan silahlı qüvvələrinin Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə qarşı artilleriya qurğularından istifadə etməklə iki dövlətin beynəlxalq sərhədi boyunca hücumunu qətiyyətlə pisləyib. Bu insidentin bölgədə hərbi gərginliyin artmasına və çoxsaylı itkilərə səbəb olduğu vurğulanıb.
QH Əlaqələndirmə Bürosu Ermənistan və Azərbaycan arasındakı münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllini dəstəklədiyini bir daha təsdiq edib. Həmçinin təşkilata üzv dövlətlər Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünə birmənalı dəstəyini bildirərək, respublikamızın öz ərazi bütövlüyünü bərpa etmək məqsədilə göstərdiyi səylərlə həmrəy olduqlarını ifadə ediblər. Beləliklə, QH-nin 120 üzv dövləti tərəfindən Ermənistan silahlı qüvvələrinin iki ölkə sərhədində son hərbi təxribatı və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqe ortaya qoyuldu.
Xatırladaq ki, bu, Qoşulmama Hərəkatı tərəfindən Azərbaycana qarşı ilk siyasi dəstək deyil. Ölkəmizin bu təşkilatın sıralarına üzv qəbul olunmasından sonra QH-nin yekun sənədlərində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin respublikamızın suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməsinin və bu kontekstdə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinin vacibliyi birmənalı şəkildə ifadə olunub. Son olaraq Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının ötən il Bakıda keçirilən Zirvə görüşü həm də Azərbaycanın qlobal siyasi-diplomatik uğuru kimi yadda qalmışdı. Belə ki, həmin Zirvə görüşü Azərbaycanın münaqişə ilə bağlı ədalətli mövqeyini daha da gücləndirdi. Qəbul edilmiş sənədlərdə dövlət və hökumət başçıları BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, münaqişənin hələ də həll olunmamasından təəssüf hissi keçirdiklərini bildirərək, onun Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında yoluna qoyulmasının vacibliyini vurğuladılar.
Bütövlükdə, QH Əlaqələndirmə Bürosunun Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi hərbi təxribatı ilə bağlı qəbul etdiyi kommünike ölkəmizin ədalətli mövqeyinin beynəlxalq səviyyədə dəstəklənməsi ilə bağlı mühüm siyasi hadisədir. Dünyanın BMT-dən sonra ikinci ən böyük təşkilatının bu sənədi göstərir ki, Ermənistanın beynəlxalq müstəvidə sıxışdırılması və erməni yalanlarının ifşası istiqamətində Azərbaycanın yürütdüyü siyasət müsbət nəticələrini verməkdədir.
Rəşad CƏFƏRLİ,

Keçidlər