Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Prezident İlham Əliyev: " Biz böyük qələbə qazanmışıq, xalq da bunu dəstəklədi."

16 iyul 2020 | 16:00

 

"Biz böyük qələbə qazanmışıq, xalq da bunu dəstəklədi. Xalq qələbəni qeyd etmək, şəhidlərimizin ruhunu yad etmək üçün Şəhidlər xiyabanına gəldi. Hansısa yaramaz ünsürlər burada iğtişaş törədəcək? Bu olmayacaq. Onların fikri 1990-cı illərin əvvəllərinə getməsin".
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda deyib.
Prezident bildirib ki, Azərbaycanın o vaxtkı hakimiyyətinin bədbəxtliyi ondan ibarət idi ki, Xalq Cəbhəsi kimi çirkin, mənfur, qorxaq, satqın fərarilərdən qaçdı:
"O fərarilər ki, ondan bir il sonra hakimiyyəti qoyub qaçdılar. Bax, bu binada otururdular. Bu binanı da zibilləmişdilər. Prezidentin kabinetində hər gün kolbasa, araq yeyib-içirdilər, hər gün, gecə səhərə qədər. Sonra da o vaxtkı prezident saat 12-də yuxudan oyanırdı. Saat 5-də də yenidən kolbasa, araq. Keçmiş müdafiə naziri, keçmiş daxili işlər naziri, keçmiş dövlət katibi, keçmiş prezident bu binanı murdarlamışdılar. Belə bir çirkin dəstə gəlib o vaxt hakimiyyəti hay-küylə yıxdı. Onların fikri ora getməsin. Bunların dərsini vermişik, verəcəyik. Heç kim məsuliyyətdən boyun qaçıra bilməyəcək".
İlham Əliyev bildirib ki, ona verilən məlumata görə, dünən bəzi müxalif qurumlar, o cümlədən Azərbaycan Xalq Cəbhəsinin nümayəndələri o kütlənin içinə girərək orada insanları qanunsuz əməllərə sövq etməyə çalışıblar:
"Qanunu pozanların arasında onlar da var, onlar indi müəyyən olunublar. Mən bir daha xəbərdarlıq edirəm, odla oynamasınlar. Bu məsələ milli məsələdir. Heç nəyə baxmayacağıq, kim nə dedi, hansı şura, hansı Avropa Şurası, hansı təşkilat. Bizim son günlərdə sərgilədiyimiz mövqe - beynəlxalq təşkilatlarda bizim əleyhimizə çirkin kampaniya aparanlara qarşı tutduğumuz mövqe artıq nəticə verir. Anti-Azərbaycan qüvvələri harada mümkünsə, onları bloklayacağıq. Onların namizədlərinin meydan oxumasına, Azərbaycana çirkab yaxmasına imkan verməyəcəyik.
Heç kim bizə göstəriş verə bilməz. Dünənki hadisə hamımız üçün bir siqnal olmalıdır. Yadınıza salın, o vaxt torpaqlar əldən gedirdi, burada parlamentin qarşısında mitinqlər təşkil edilirdi. Minlərlə insan yığışırdı, öz hiddətini ifadə edirdi. Ancaq nəticə etibarilə nə oldu? Torpaqlar əldən getdi. İndi mitinq vaxtıdırmı? Biz şəhidlər veririk, igidlər itiririk, generallar itiririk. Bu çirkin ünsürlər indi burada vəziyyəti gərginləşdirmək istəyir. Bütün aidiyyəti qurumlara deyirəm. Əgər dünənki hadisələrdə onların əli varsa, bizim qətiyyətimizi görəcəklər. Onlar ermənilərdən də pisdirlər. Erməni açıq düşməndir. Oturub orada, bunlara görə torpaqlarımızı işğal edib. Bu Xalq Cəbhəsinin fərarilərinə görə bu gün o torpaqlardadır. Amma bu, oturub bizim içimizdə. Xaricdən pul alır, təlimat alır, mühiti zəhərləyir, bizim təmiz havamızı üfunət iyi ilə çirkləndirir və belə məqamlarda dövlətin yanında yox, düşmənin yanındadır.
Mən demişəm, hüquq-mühafizə orqanları onların bu günlər ərzində sosial şəbəkələrdə çıxışlarını təhlil etsinlər. Əgər orada cinayət tərkibi varsa, onların hamısı cinayət məsuliyyətinə cəlb edilməlidir. Döyüşlər getdiyi vaxtda onlar ordumuza şər atırlar, yalanlar uydururlar. Deyirlər ki, biz o yeri vermişik, biz oraya getməməliydik, biz buraya getməməliydik. Sən kimsən? Sən bizim ordumuza göstəriş, məsləhət verirsən. Ay başı boş, ay satqın. Bunlardır, bunlar idi Azərbaycan dövlətçiliyini yıxmaq istəyənlər. Biz bunların nazı iləmi oynayacağıq? Onlara elə dərs veriləcək ki, bu, son dərs olacaqdır.
Ona görə, bir daha demək istəyirəm, hüquq-mühafizə orqanları bu işlərlə məşğul olacaq. Onların bütün antidövlət çıxışları, çağırışları təhlil ediləcək. Əgər orada cinayət tərkibi varsa, onlar dərhal cinayət məsuliyyətinə cəlb edilməlidir. Biz "Beşinci kolon"la bu işi bitirməliyik, belə davam edə bilməz. Yəni, burada dözümlülük qətiyyən yolverilməzdir. Adi günlərdə biz bəzi hallarda gözümüzü yumuruq, deyirik ki, əhəmiyyətsiz şeydir. Amma belə vəziyyətdə bu, düşmənçilikdir. Bu gün bu düşmənçiliyin başında dayanan Azərbaycan Xalq Cəbhəsidir, onun çirkin, satqın rəhbərləridir, özünü lider sayan qorxaqlar, fərarilərdir. Onlar artıq Azərbaycan xalqı tərəfindən dəfələrlə öz yerini görüblər və görəcəklər".

Keçidlər